Azərbaycan Ali Hərbi Məktəbində veteranlarla görüş keçirilib

Posted by

Azərbaycan Ali Hərbi Məktəbində veteranlarla görüş keçirilibAzərbaycan Ali Hərbi Məktəbində veteranlarla görüş keçirilib

Azərbaycan Ali Hərbi Məktəbində veteranlarla görüş keçirilib

Oktyabrın 27-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində veteranlarla görüş keçirilib.

AzərTAc xəbər verir ki, mərasimdə veteranlar, məktəbin müəllim və kursantları, Silahlı Qüvvələrin hərbi qulluqçuları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Məktəbin rəisi Füzuli Salahov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Ali Hərbi Məktəb müstəqil Azərbaycan dövləti üçün hərbi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. O, məktəbə göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin banisidir. Milli ordumuzun formalaşmasında məktəbin məzunlarının rolunu vurğulayan təhsil ocağının rəisi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ali Hərbi Məktəbin kollektivi göstərilən etimadı bundan sonra da şərəflə doğruldaraq ölkəmizin hərb tarixinə şanlı səhifələr yazacaq.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxışında kursantlara döyüş yolu haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan D.Rzayev bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Diqqətə çatdırılıb ki, Respublika Veteranlar Təşkilatı ümumtəhsil ocaqlarında, hərbi hissələrdə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hisslərini təbliğ etmək və gələcək nəsillərə ötürmək istiqamətində mühüm tədbirlər həyata keçirir. Böyük Vətən müharibəsində veteranlarımızın şərəfli döyüş yolları haqqında gənclərimizin məlumatlandırılması onlarda hərbi vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır.

D.Rzayev dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək nizam-intizama və döyüş hazırlığına malik Silahlı Qüvvələrimizin regionun ən qüdrətli ordusuna çevrildiyini bildirib.

Azərbaycanda hərbi təhsil müəssisələrinin yaradılmasında Ulu Öndərin xidmətlərini qeyd edən D.Rzayev diqqətə çatdırıb ki, belə ali təhsil ocaqlarından biri də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidir. Azərbaycan Ordusu məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində formalaşıb və möhkəmlənib. Bu gün Azərbaycan Ordusunun zabitləri xarici ölkələrdə hərbi təhsil alır, hərbi sirlərə yiyələnirlər. Milli Ordumuzun əsgər və zabitləri respublikamızın təhlükəsizliyini təmin etməyə, ölkəmizin sərhədlərini qorumağa, ərazi bütövlüyümüzün bərpasına hər an hazırdırlar.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və digər natiqlər ölkə rəhbərliyinin Silahlı Qüvvələrimizə hərtərəfli diqqət və qayğısından danışıb, gənclərimizdə vətənpərvərlik hissinin güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulayıblar.

Sonra veteranlar kursantların suallarını cavablandırıblar.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup kursantı Respublika Veteranlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub.

Tədbir Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivinin konsert proqramı ilə davam edib.

 

AzərTac.az