Azərbaycan-Albaniya parlamentlərarası əlaqələri müzakirə edilib

Posted by

Azərbaycan-Albaniya parlamentlərarası əlaqələri müzakirə edilibAzərbaycan-Albaniya parlamentlərarası əlaqələri müzakirə edilib

Azərbaycan-Albaniya parlamentlərarası əlaqələri müzakirə edilib

Oktyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədovun Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin inkişaf perspektivləri, xüsusilə qanunverici orqanlar arasında əməkdaşlıq müzakirə edilib.

AzərTAc xəbər verir ki, Azərbaycan-Albaniya əlaqələrinin qədim tarixi köklərə malik olduğunu söyləyən Milli Məclisin sədri

O.Əsədov hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini, deputatlarımızın beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrini münasibətlərimizin inkişafının bariz göstəricisi kimi qiymətləndirib. Sədr, həmçinin qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin sədri Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın da siyasi əlaqələr səviyyəsinə çatdırılmasının önəmini vurğulayıb. O, həyata keçirilən bir sıra layihələrin, xüsusilə TAP və TANAP kimi enerji layihələrinin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini deyib. O.Əsədov, həmçinin turizm sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirib və bu istiqamətdə birgə fəaliyyətin qurulmasının vacibliyini vurğulayıb.

Milli Məclisin sədri albaniyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O, beynəlxalq təşkilatlarda Albaniyanın münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini həmişə dəstəklədiyinə görə minnətdarlığını bildirib.

İlir Meta Albaniyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini söyləyib və ölkəmizə ilk rəsmi səfərinin parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyini qeyd edib. Albaniya parlamentinin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib və Azərbaycan şirkətlərinin ölkəsində müxtəlif sahələrə sərmayə qoyduğunu bildirib. O, həyata keçirilən enerji layihələrinin əhəmiyyətini də vurğulayıb, TAP, TANAP layihələrin Albaniya üçün də böyük əhəmiyyət daşıdığını bildirib.

İ.Meta humanitar əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanacaq Memorandumun təhsil sahəsində əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

 

AzərTac.az