Azərbaycan 26 ölkə ilə hərbi sazişin imzalanmasına dair müzakirələr aparır
Azərbaycan hazırda daha 26 ölkə ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumların imzalanmasına dair müzakirələr aparır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir.
Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hal-hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.
Qeyd edək ki. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.
İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir.
Trend.az