Avropa Şurası Naxçıvanın blokadası ilə bağlı araşdırma aparacaq

Posted by

Avropa Şurası Naxçıvanın blokadası ilə bağlı araşdırma aparacaq

Avropa Şurası Naxçıvanın blokadası ilə bağlı araşdırma aparacaq

Avropa Şurası Naxçıvanın blokadası ilə bağlı araşdırma aparacaq

AŞ PA Monitorinq Komitəsinin fevralın 27-28-də Maltada keçirilən iclasında Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib.

Trend-in məlumatına görə, millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikası İranla sərhəddə yerləşən, 410.000 azərbaycanlının yaşadığı və təxminən 25 ildir ki, Ermənistan tərəfindən blokadada olan Azərbaycan ərazisidir. Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi böyük əziyyətlərə düçar olmuşdur və regionda iqtisadi və sosial durum ağır olaraq qalır.

E.Süleymanov deyib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etdikdən sonra Naxçıvanı da öz ərazilərinə qatacaqları ilə hədələyir: “Naxçıvan sakinlərinin bu davamlı təhdidlə üz-üzə qaldıqlarını nəzərə alsaq, belə təhlükəli ərazidə gündəlik həyatın yüksək təzyiq altında olduğunu görərik. Maraqlıdır ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞ PA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmayıb, sənəd qəbul edilməyib. Gəlin, əvvəlcə bu ölüm saçan blokadanı aradan qaldıraq. Bunu isə heç kim eşitmək istəmir. Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafını sürətləndirmək istəyirsə, ilk növbədə, işğala son qoyulması üçün son sözünü deməlidir”.

Daha sonra E.Süleymanov Sərsəng humanitar faciəsi ilə bağlı məlumat verərək bildirib ki, 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlükdə bəndə və 560 mln m3 su tutumuna malik Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və 20 ildən atrıq müddətdir ki, heç bir texniki xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətindədir.

Millət vəkili qeyd edib ki, bu, Azərbaycanın Aşağı Qarabağda yerləşən 6 rayonunda yaşayan 450 min nəfər əhali üçün ciddi təhlükə mənbəyi olmaqla yanaşı regionda iqtisadi, ekoloji, bioloji fəsadlara səbəb olub, hazırda region əhalisi ciddi humanitar faciə ilə üz-üzədir.

E.Süleymanov beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar faciənin aradan qaldırılmasının vacibliyinə yönəltməyə çağırıb və xüsusilə vurğulayıb ki, bu gün Azərbaycanın işğal altında olan ərazilərindən qovulmuş 1 milyondan artıq qaçqınla yanaşı, Naxçıvanın 410 min əhalisi, eləcə də Sərsəng humanitar faciəsi təhlükəsi altında olan 450 min nəfər, ümumulikdə təqribən 2 milyon azərbaycanlı işğal və blokadanın girovuna çevrilib.

Millət vəkili Ukrayna hadisələrindən dərs götürməyə, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının işğala göz yummayaraq Azərbaycan torpaqlarının işğalı və blokadası ilə əlaqədar qəti qərarlar qəbul etməli olduğunu qeyd edib.

Avropa ölkələrindən olan bir neçə deputat E.Süleymanovun qaldırdığı məsələləri dəstəkləyərək onunla həmrəy olduqlarını bildirdilər.

E.Süleymanovun çıxışından sonra Monitorinq Komitəsində qərara alınıb ki, hər iki ölkə – Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar vəziyyəti ilə bağlı araşdırmalar apararaq bu məsələləri öz məruzələrinə daxil etsinlər. Avropa Şurası isə qaldırılan məsələləri daim öz nəzarətində saxlasın.

Sonda Monitorinq Komitəsinin sədri Ştefan Şennax Avropa Şurasında Naxçıvanın blokadası ilə bağlı dinləmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Trend.az