Avropa parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv olmalıdır

Posted by

Avropa parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv olmalıdır

 

Avropa parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv olmalıdır

Avropa parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv olmalıdır

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Avropa parlamentini azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv fealiyyət göstərməyə çağırıb.

 

Bu barədə Trend-ə Ombudsman Aparatından verilən məlumatda deyilir.

 

Bildirilir ki, martın 16-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamenti və Polşa Ombudsman təsisatının birgə təşkilatçılığı ilə Ombudsmanların III Şərq Tərəfdaşlığı Sammiti keçirilmişdir. Sammitdə Avropa Parlamentinin, Avropa Komissiyasının və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin nümayəndələri, Şərq Tərəfdaşlığı və Balkan ölkələrinin ombudsmanları və ombudsman təsisatlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri A.Səfixanlı da tədbirdə iştirak edib.

 

Tədbirin gündəliyinə əsasən, I Paneldə “Miqrasiya və insan hüquqları sahəsində çətinliklər”, II Paneldə “Avropa İttifaqının İnsan Hüquqları və Demokratiya üzrə Fəaliyyət Planında Milli İnsan Hüquqları İnstitutları” və III Paneldə “Miqrantların və məcburi köçkünlərin hüquqlarının qorunması” mövzuları üzrə müzakirələr keçirilib.

 

Ombudsman Aparatının rəhbəri A.Səfixanlı hər üç paneldə məruzə ilə çıxış edib. O, çıxışında qaçqın və məcburi köçkün probleminin Azərbaycan üçün prioritet məsələ olduğunu, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlının son nəfərədək öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdiyini, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisinin işğal olunduğunu, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlının öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkünə çevrildiyini, eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska (məshəti) türkünün də Azərbaycanda sığınacaq tapdığını Sammit iştirakçılarının diqqətinə çatdırıb.

 

A.Səfixanlı ilkin vaxtlarda məcburi köçkünlərin böyük əksəriyyətinin 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşdığı, daha sonra həmin qrup insanların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan dövləti tərəfindən həyata keçirilən davamlı islahatlar nəticəsində ölkədə olan sonuncu çadır düşərgəsinin (ümumilikdə 12 düşərgə) ləğv edilməsinə nail olunduğu, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığı, lakin bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan dövlətinə heç də asan başa gəlmədiyi və məcburi köçkünlərin problemlərinin tam olaraq həll olunmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Aparatın rəhbəri həmçinin, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə ətraflı məlumat verib.

 

O, Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilməkdə olan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) müddəalarından ətraflı danışıb.

 

Bundan başqa, A.Səfixanlı MFP-nin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanın, eləcə də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 iyun 1998-ci il tarixli sərəncamın mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Aparat rəhbəri sonra MFP-nin ölkə Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş və artıq gerçəkləşdirilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olduğunu da vurğulayıb.

 

Tədbirdə qeyd olunub ki, MFP-nın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə olunmuş və ötən müddət ərzində bu sənəddə nəzərdə tutulmuş vəzifələrin icrası perspektivlərinin müzakirəsi məqsədilə millət vəkillərinin, müvafiq dövlət orqanlarının, vətəndaş cəmiyyətinin və KİV nümayəndələrinin iştirakı ilə paytaxtda və regionlarda silsilə tədbirlər, ictimai dinləmələr təşkil olunub və uğurlu nəticələr əldə edilib.

 

A.Səfixanlı Avropa Parlamenti tərəfindən 2010-cu ildə qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiyasına ehtiyac” adlı qətnaməsində də yüz minlərlə qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq hüququnun reallaşmasına imkan verilməməsindən narahatlığın ifadə olunduğunu və bu hüququn beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə tez bir zamanda yerinə yetirilməsinin vacibliyini bir daha xatırladaraq, Avropa İttifaqını azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində aktiv fəaliyyət göstərməyə çağırıb.

 

Aparat rəhbəri bu problemin yeganə və kompleks surətdə həlli üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmalı olduğunu bildirib.

 

Çıxışlarda həmçinin, miqrasiya sahəsində bir sıra zəruri normativ hüquqi aktların qəbul olunduğu, institusional və təşkilati tədbirlərin həyata keçirildiyi, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resurslarının formalaşdırıldığı və digər islahatların həyata keçirildiyi diqqətə çatdırılmışdır.

 

Trend.az