AMEA-nın Yer Elmləri Bölməsinin 2014-ci ildə fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib

Posted by

AMEA-nın Yer Elmləri Bölməsinin 2014-ci ildə fəaliyyəti ilə bağlı hesabat iclası keçirilibAMEA-nın Yer Elmləri Bölməsinin 2014-ci ildə fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin 2014-ci ildə fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib

Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda AMEA-nın Yer Elmləri Bölməsinin 2014-ci ildə elmi və elmi təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

 

AMEA-dan APA-ya verilən xəbərə görə, hesabatda bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri, elmlər doktorları, BDU, ADNA və ARDNŞ-dən alim və professorlar iştirak ediblər.

 

Öncə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verib. Sonra bölmənin elmi-təşkilati fəaliyyəti, kadr məsələləri, elmi nəşr haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, 2014-cü ildə AMEA-nın ümumi illik yığıncağında Yer Elmləri Bölməsinə yeni üzvlər seçilib. Onlardan 5 nəfər AMEA-nın həqiqi üzvü, 8 nəfər AMEA-nın müxbir üzvüdür. Sonra F.Qədirov bölmənin ümumi yığıncağı və büronun fəaliyyəti haqqında danışıb. Akademik qeyd edib ki, hazırda bölmənin tərkibində AMEA-nın 9 həqiqi və 18 müxbir üzvü fəaliyyət göstərir. Hesabat ilində Yer Elmləri Bölməsinin 11 ümumi, 5 büro iclası keçirilib. 2014-cü ildə bölmə üzvləri prioritet istiqamətlərdə tədqiqatlar aparıb və alınmış nəticələrin bir çoxu “Thomson Reuters” siyahısındakı impakt-faktorlu jurnallarda dərc edilib.

 

Akademik, həmçinin qeyd edib ki, respublikada geofizika sahəsində elmi tədqiqat institutu olmadığı üçün AMEA-nın Rəyasət Heyətinin 27 fevral 2014-cü il qərarı ilə Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu adlandırılması məqsədəuyğun hesab olunub.

 

Tədbirdə Yer elmləri üzrə 2014-cü ildə impakt-faktorlu xarici jurnallarda dərc olunan məqalələr, beynəlxalq jurnallarda onlara edilmiş istinadlar, o cümlədən bu məqalələrin əhatə etdiyi mövzulardan danışılıb. Bu məqalələrin geodinamika və seysmologiya, neft geologiyası və palçıq vulkanizmi istiqamətlərini əhatə etdiyi vurğulanıb.

 

İclasda AMEA-nın həqiqi üzvləri, akademik Vasif Babazadə, akademik Arif İsmayılzadə, YEB-nin büro üzvü Hətəm Quliyev, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və başqaları bölmənin hesabatında səsləndirilən məsələlərlə bağlı çıxış edib.

 

Bildirilib ki, ölkə başçısı İlham Əliyevin 25 fevral 2014-cü il Sərəncamı ilə Azərbaycanda elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “İstiqlal” ordeni ilə təltif edilib. Bundan başqa ölkə prezidentinin 26 oktyabr 2014-cü il Sərəncamı ilə neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə AMEA-nın müxbir üzvü Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib.

 

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə bölmənin institutlarının fəaliyyətində müəyyənləşdirilən istiqamətlərdən, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin, innovasiya xarakterli elmi tədqiqat işlərinin genişləndirilməsindən, kadr hazırlığı siyasәti və bununla bağlı qarşıda duran vəzifələrdən danışıb. Bölmənin təklif və müraciətlərini dinləyən akademik bu yöndə aparılacaq islahatlarla bağlı tövsiyələrini verib.

 

Sonda AMEA rəhbəri bölmənin fəaliyyətini qənaətbəxş hesab edib.

 

Apa.az