Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib
Noyabrın 16-da Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Fransisk Skorina” ordenini təqdim edib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri sözügedən ordenlə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təltif edilib. Belarusun dövlət başçısı müvafiq göstərişi sentyabrın 1-də imzalayıb.
Şeyxülislam fəaliyyətinə verilən yüksək qiymətə görə A. Lukaşenkoya minnətdarlığını bildirib, ona təqdim edilən ordeni Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymət kimi dəyərləndirib.
A. Paşazadə ali mükafata Belarus-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəsinə, Belarus və Azərbaycan respublikaları arasında ticari-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyətinə, həmçinin dinlərarası razılığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə layiq görülüb.
Apa.az