“Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılmışdır

Posted by

“Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılmışdır

“Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılmışdır

“Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılmışdır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən mütəmadi olaraq respublikamızın şəhər və rayonlarında cəmiyyətin diqqətinin ailə və uşaq məsələlərinə yönəldilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılması, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, ailədəki psixoloji iqlimin insanların ailədaxili və cəmiyyətdəki münasibətlərinə təsiri və s. mövzular ətrafında layihələr həyata keçirilir.

Bu istiqamətdə reallaşdırılan layihələrin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə Bakı şəhərinin orta məktəblərində valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək məqsədi ilə “Ailə, məktəb və cəmiyyət” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılmışdır.

Layihə çərçivəsində ekspertlərin iştirakı ilə orta məktəb psixoloqları üçün “Milli mənəvi dəyərlərin qorunub saxlanılması, ailədə sülh və dözümlülük (tolerantlıq) mədəniyyətinin təbliği”, “Ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları)”, “Valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması”, “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq (qan qohumluğunun, erkən nikahın yaratdığı fəsadlar, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti, ziyanlı vərdişlərdən imtina)” kimi aktual mövzular ətrafında müzakirələr keçiriləcəkdir.

AQUPDK-dan AzərTAc-a bildirmişlər ki, ilk tədbir Səbail rayonunda yerləşən 189 nömrəli orta məktəbdə 21 orta məktəb və lisey psixoloqlarının və ekspertlərin iştirakı ilə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu müasir şəraitdə belə maarifləndirmə layihələrinin həyata keçirilməsinin cəmiyyətin bütün üzvləri üçün əhəmiyyətini qeyd etmişdir.

AQUPDK-nın ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova respublikamızda nikahın pozulması, erkən nikah, zorakılıq halları və s. problemlər haqqında məlumat vermişdir.

Komitənin bu istiqamətdə fəaliyyətinin və Təhsil Nazirliyi ilə birgə keçirilməsi nəzərdə tutulan layihənin problemlərin həllinə müsbət təsir göstərəcəyinə inamını qeyd edən Gülnarə Məmmədova bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Ailə, qadın və uşaq problemləri istiqamətində bir çox uğurlu layihələrin həyata keçirildiyi, həmçinin Milli Ordunun əsgər və zabitləri üçün “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri üçün “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”, Azərbaycan Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihələrin hazırda uğurla davam etdiyi vurğulanmışdır.

Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi Günel Aslanova məktəb psixoloqlarının şagirdlərin və ümumilikdə məktəbin həyatında rolunun vacibliyini, müasir təhsil konsepsiyasında uşaqların yalnız savadlılıq dərəcəsinə deyil, həmçinin onların şəxsiyyət kimi yetişmələrinə önəm verildiyini və bu işdə məktəb psixoloqlarının üzərinə böyük vəzifələrin düşdüyünü söyləmişdir.

Tədbir iştirakçıları mövzu ilə bağlı müxtəlif fikirlər və bir çox dəyərli təkliflər irəli sürmüşlər.

Sonda iştirakçılara AQUPDK tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.

 

AzərTac.az