Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib
Oktyabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11,25 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 3 ton tərəvəz, 4 ton meyvə, 0,5 ton bostan məhsulları və s. təklif olunurdu.
Alıcılar bildirirdilər ki, yarmarkaların müntəzəm keçirilməsi onları çox sevindirir. Çünki artıq kənd təsərrüfatı mallarına ailələrinin tələbatını ödəmək üçün çox nadir hallarda bazarlara üz tuturlar.
Yarmarkaların təşkilindən satıcılar da razılıq edirdilər. Bildirirdilər ki, bu yarmarkalar onları bazarlarda üzləşdikləri çətinliklərdən qurtarıb, yetişdirdikləri məhsulları rahatca satmağa imkan yaradıb. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Yarmarkada kələm 70-90, badımcan 30-40, yerkökü 70-90 qəpiyə, lobya 2 manata, alma 50-80 qəpiyə, armud 70 qəpik – 1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 7-8 qəpiyə və s. satılırdı.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 146,1 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, yarmarkada bütün növ kənd təsərrüfatı məhsulları vardır. Satışa çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri üstünlük təşkil edir. Burada bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır. Məsələn, kartof 40-65, soğan 25-30 qəpiyə, pomidor 70 qəpik- 1 manata, xiyar 50-70, alma 50-80 qəpiyə, armud 70 qəpik-1 manata, üzüm 80 qəpik-1 manat 20 qəpiyə təklif olunur.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 18,2 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Yarmarkada kələmin kiloqramını 70 qəpiyə təklif edən qusarlı Məmməd Musayev bildirdi ki, pay torpağında becərdiyi məhsulu iki həftədir satışa çıxarıb. O, yaradılan şəraitdən razılıqla danışaraq vurğuladı ki, mart ayınadək qəsəbə sakinlərinə təklif etməyə məhsulu var.
Yarmarkada təklif edilən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, alma və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-“Günəş” ticarət mərkəzində (22,1 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,5 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 24,6 ton məhsul çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, gavalı, şaftalı, üzüm, zoğal, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məsələn, burada kartof 40-65, bibər 50-80 qəpiyə, pomidor 80 qəpik-1 manata, üzüm 80 qəpik-1 manat 20 qəpiyə təklif olunur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 310 ton meyvə-tərəvəz, ət, süd, bostan məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 47,2 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 5 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun naringi, portağal, bostan bitkilərindən balqabaq, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəzlər, bostan və süd məhsulları satılırdı. Burada şəhər sakinləri badımcanın kiloqramını 25-30, kələmi 55-60, pomidoru 70-90, kartofu 60-80, almanı 30-70 qəpiyə ala bilirdilər.
Bərdə, Ağstafa, Siyəzən, Goranboy və digər rayonlardan gətirilmiş məhsullar təkcə ucuz qiymətlərə olduğuna görə deyil, həm də keyfiyyətinə görə diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə günü yarmarkaya 22,7 ton meyvə-tərəvəz, süd və bostan məhsulları gətirilib.
AzərTac.az