XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsil məsələləridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Nazir müavini deyib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə təxminən 20 müxtəlif tədbir keçiriləcək: “Bunlara AŞ Parlament Assambleyasının daimi komissiyasının, bürosunun iclasları aiddir. Həmçinin korrupsiya ilə mübarizə üzrə böyük konfrans keçiriləcək. Təxminən 20 tədbir yalnız Bakıda keçiriləcək. Eyni zamanda, Strasburqda da tədbirlər təşkil ediləcək. Şübhəsiz ki, Azərbaycan da həmin tədbirlərdə sədr kimi iştirak edəcək”.
M.Məmməd-Quliyevin sözlərinə görə, artıq Avropa Şurası ilə Azərbaycanın 2014-2016-cı illər üzrə fəaliyyət proqramı təsdiqlənib. Bu yaxınlarda AŞ-nin baş katibi Azərbaycana səfər edəcək və səfər çərçivəsində fəaliyyət planının rəsmi təqdimat mərasimi keçiriləcək: “Hesab edirəm ki, həm Azərbaycanın təşkilatda sədrliyi, həm də bu fəaliyyət planının həyata keçirilməsi Azərbaycanla AŞ arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək”.
Nazir müavini xatırladıb ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri var: “Hesab edirəm ki, Milli Məclisimiz daima bu məsələyə diqqət yetirir və həmin qətnamələrin həyata keçirilməsində hansısa konkret addımlar atılması üçün öz səylərini göstərir”.
Aİ ilə əməkdaşlığa dair sualı cavablandırarkən M.Məmməd-Quliyev bildirib ki, son zamanlar bir neçə yüksək səviyyəli tədbirlər keçirilib: “Aİ ilə əməkdaşlıq davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır”.
Assosiasiya sazişi ilə bağlı suala cavabında isə nazir müavini deyib: “Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha da yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. Aİ də bu məsələdə hələ ki düşünür”.
Onun sözlərinə görə, hazırda təşkilat üçün əsas müzakirə mövzusu Ukraynadır: “Amma hesab edirik ki, digər məsələlərə də Avropa Şurası, Avropa İttifaqı diqqət ayırmalıdır”.
M.Məmməd-Quliyev daha sonra bildirib: “Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar planımız ondan ibarətdir ki, əgər mümkün olsa, iyunun axırı, iyulun əvvəllərində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır. Ola bilsin işçi qrupun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar aparılsın”.
Trend.az