Prezident İlham Əliyev Energetika Nazirliyinin strukturunu təsdiq edib
Azərbaycan Prezidenti İlham Əliyev Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana uyğun olaraq, Energetika Nazirliyinin aparatı işçilərinin say həddi 140 ştat vahidi, Dövlət Enerji Nəzarəti İdarəsinin işçilərinin say həddi 150 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 112 ştat vahidi, Dövlət Qaz Nəzarəti İdarəsinin işçilərinin say həddi 80 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilir.
“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilir:
1-ci, 3-cü və 5-ci hissələr ləğv edilir;
2-ci və 4-cü hissələrdə “Sənaye və” sözləri çıxarılır.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Dövlət Enerji Nəzarəti İdarəsi və onun yerli bölmələri.
3. Dövlət Qaz Nəzarəti İdarəsi və onun yerli bölmələri.
Trend.az