Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiyası Mərkəzində bayram tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev mərkəzdə peşə kurslarına cəlb olunmuş əlilliyi olan şəxsləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını ifadə edib. Bildirilib ki, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemini əks etdirən və xalqımızın əsrlər boyu qoruyub saxladığı, həmişə sonsuz fərəh hissi ilə qeyd etdiyi bayramlardan biridir.
Tədbirdə sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan insanlara göstərilən dövlət qayğısından söz açılıb. Qeyd olunub ki, ötən ilin dekabrında möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi həmin insanların ümumən sosial reabilitasiyasında mühüm rol oynayır. Burada əlilliyi olan insanların kompüter istifadəçisi, dərzilik, qadın və kişi bərbərliyi, toxuculuq, rəssamlıq, xalçaçılıq və digər peşələr üzrə peşə hazırlığının təşkili, həmçinin onlara tibbi və kommunal xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb.
Sonra mərkəzdə sağlamlıq imkanları məhdud gənclər arasında Novruz bayramı münasibətilə müxtəlif idman növləri üzrə keçrilmiş yarışın qalibləri olan 24 nəfərə diplom və mükafatlar, digər iştirakçılara isə həvəsləndirici mükafatlar verilib. Əlilliyi olan şəxslər bayram sevinclərini bölüşərək, onlara göstərilən dövlət qayğısından razılıqla söz açıblar. Bayram tədbiri musiqili-əyləncəli proqramla davam edib.
Trend.az