Rumıniya dövlət katibi: “Ukraynadakı durum Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət cəlb edəcək”
“Hazırda Krımda vəziyyət olduqca gərgindir və buna görə də beynəlxalq ictimaiyyətin gündəmindədir. Lakin bu o demək deyil ki, digər “dondurulmuş” münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi unudulub”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku bəyan edib.
“Əksinə, mən düşünürəm ki, Ukraynadakı durum beynəlxalq ictimaiyyətin daha çox diqqətini cəlb edəcək və bu, güman ki, bu münaqişələrin həlli ilə bağlı səyləri daha da stimullaşdıracaq”, – deyə o vurğulayıb.
B.Auersku qeyd edib ki, Dağlıq Qarabaq, habelə bölgənin digər münaqişələri yenə də beynəlxalq ictimaiyyətin gündəmindədir.
“Hazırda Ukraynadakı durum geniş müzakirə olunur. Biz istəmirik ki, Krımdakı durum Dağlıq Qarabağdan tutmuş Gürcüstandakı separatçı bölgələr, Krım və Dnestryanı daxil olmaqla, dondurulmuş münaqişələrdən ibarət dairənin yaranmasına səbəb olsun”,- deyə o vurğulayıb.
B.Auresku bu istiqamətdə dialoqun aparılmasının və beynəlxalq ictimaiyyətin diqqətinin bu münaqişələrin həllinə yönəldilməsinin vacibliyini önə çəkib.
Apa.az