DİN-in təşəbbüsü ilə Sumqayıtda dini radikalizmlə mübarizəyə dair konfrans keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans martın 12-də Sumqayıt şəhərində keçirilib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə köklü islahatlar və böyük quruculuq işləri həyata keçirilib. Görülmüş kompleks tədbirlər nəticəsində respublikamız bir çox istiqamətlər üzrə yüksək potensiala malik ölkə kimi dünya dövlətləri arasında özünə layiqli yer tutub. Sonra İdarə rəisi şəhərdə radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılıb. Dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görülür.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, dini işlər üzrə komissiyanın sədri Akif Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Neman Əhədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Rauf Sərdarov, Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Sumqayıtda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlər barədə çıxış ediblər.
Trend.az