Azərbaycan ilk dövlət istiqrazlarını beynəlxalq bazarlarda yerləşdirib
Azərbaycan Respublikasının dövlət istiqrazlarının beynəlxalq kapital bazarlarında ilk yerləşdirilməsi uğurla başa çatıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ilk Azərbaycan bondlarının (istiqrazların) emissiyası xarici investorların böyük marağına səbəb olub. 1 milyard 250 milyon ABŞ dolları məbləğində dövlət qiymətli kağızlarının emissiyası beş faizlik gəlirlilik və 10 il ödəmə müddəti ilə yerləşdirilib.
Bu göstərici istinad kimi əsas götürülən müvafiq müddətli ABŞ dövlət qiymətli kağızlarından 2.22 faiz dərəcəsi yüksək olub. Müqayisə üçün, daha yüksək kredit reytinqinə və qiymətli kağız buraxılışı təcrübəsinə malik Rusiya Federasiyasının eyni müddətli dövlət qiymətli kağızları 2.41 faiz dərəcəsi, Türkiyənin dövlət qiymətli kağızları isə 2.74 faiz dərəcəsində ticarət olunub.
İnvestorların maraqlarının ifadəsi kimi, Azərbaycan Respublikasının qiymətli kağızlarına olan tələbat təklifdən 4 dəfə artıq olub və 160-dan çox ölkənin institusional investorlarını cəlb edib. Yerləşməyə görə, investorların əksəriyyəti ABŞ-da olmaqla (47%), Birləşmiş Krallıq (25%), Almaniya (18%) və 10% digər ölkələri, o cümlədən Sinqapur, İsrail və s. ölkələri əhatə edib.
Beynəlxalq bazarlarda ilk dövlət istiqrazlarının yerləşdirilməsi üçün “Barclays”, “Deutsche Bank” və “Citi” investisiya banklarından ibarət sindikata Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən səlahiyyət verilibr. Ötən həftə ərzində Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi və İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyət investisiya bankları sindikatı ilə birlikdə Almaniya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında investorlar üçün təqdimatlar keçiriblər. Təsadüfi deyil ki, “Bloomberg”, “Financial Times”, “Reuters” və dünyanın digər nüfuzlu media orqanları tərəfindən ölkəmizin dövlət istiqrazlarının beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi geniş işıqlandırılıb.
Azərbaycan Respublikasının dövlət istiqrazlarının dünyanın müxtəlif regionlarından olan çoxsaylı sərmayədar qrupları arasında yerləşdirilməsi, eyni zamanda, tələbatın təklifdən dəfələrlə artıq olması ölkəmizin beynəlxalq kapital bazarlarında siyasi və iqtisadi cəhətdən güclü, stabil dövlət kimi qəbul olunmasının və dünya iqtisadiyyatında rolunun artmasının bariz nümunəsidir.
Trend.az