Böyükşor gölü ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi ictimaiyyətə təqdim edilib
Martın 11-də Beynəlxalq Mətbuat Mərkəzində Böyükşor gölünün bərpasının birinci mərhələsi layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədinin ictimai müzakirəsi keçirilmişdir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Trend-0ə verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, “Azərsu” ASC və digər dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmiş, sənəd ətrafında geniş müzakirələr aparmışlar.
Hazırlanmış sənədin əsas məqsədi layihə ərazisində həyata keçiriləcək işlər üzrə ətraf mühitə təsirin öyrənilməsi və açıqlanması, eləcə də zəruri olan qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi haqqında ətraflı məlumatların ictimaiyyətə çatdırılmasıdır. Tədbir zamanı yaranan suallar mütəxəssislər tərəfindən cavablandırılmış, layihənin əhəmiyyəti isə tədbir iştirakçıları tərəfindən geniş dəstəklənmişdir.
Sənədlə ictimaiyyətin sərbəst tanış olmasına şərait yaradılmışdır.
Qeyd edək ki, Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə Böyükşor gölünün Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın hissəsi bərpa olunacaq.
Trend.az