DSMF sədri Elman Mehdiyev Sumqayıtda vətəndaşları qəbul edib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 19-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundən Trend-ə verilən məlumata görə, qəbulda iştirak edən vətəndaşların Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının, Sumqayıt şəhər, Qubadlı, Xızı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Onlar, əsasən, pensiyaların hesablanmasının bir sira hüquqi aspektləri, güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və stajla bağlı məsələlərə görə müraciət ediblər. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və DSMF sədri E.Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün Fondun şəhər və rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Trend.az