“Qız yükü, duz yükü” və ya erkən nikahın fəsadları

Posted by

“Qız yükü, duz yükü” və ya erkən nikahın fəsadları

 

“Qız yükü, duz yükü” və ya erkən nikahın fəsadları

“Qız yükü, duz yükü” və ya erkən nikahın fəsadları

 

 

Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı elə atmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən nikahla bağlıdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olunur. Erkən nikah iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz razılığı əsasında. Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər. Bunları bir-birindən fərqləndirmək lazımdır. Birmənalı şəkildə demək olmaz ki, erkən nikahlar hamısı uğursuz olur. Lakin son zamanlar xüsusilə bəzi regionlarda sırf valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlirik və bu, öz fəsadlarını biruzə verir.

 

Görəsən bəzi qızlar niyə təhsilə yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə qədər qız məktəbi bitirmədən, həyatı başa düşmədən ər məktəbinə daxil olur. Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur. Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran və ya nişanlanan qızların adları məktəb jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa savadsız valideyn edə bilər, amma həmin məktəbin müdirinin də buna normal münasibət göstərməsi nə dərəcədə düzgündür?!

 

Məlum məsələdir ki, valideynlər çox vaxt öz övladlarını pula,var-dövlətə satırlar. Lakin fikirləşmirlər ki,bunun sonu çox vaxt pis nəticələnir. Beləcə, qız erkən yaşında bədbəxt olur. Valideynlərin sonrakı peşmançılığı isə heç nəyə yaramır. Son illərin statistikası göstərir ki, ölən uşaqların valideynləri məhz erkən yaşlı analardır. Biz bu cür hallara yol verməklə gələcəyimizi öz əllərimizlə məhv edirik. Çünki bu uşaqlardan gözəl həkim, müəllimə, hər hansı sənət sahibləri çıxa bilər. İstənilən halda gözəl ailəyə nəsib olmaq olar, lakin hər hansı sənəd sahibi olmaq üçün mütləq məktəb, universitet bitirməlisən.

 

Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 2011-ci ilə qədər ölkəmizdə nikah yaşı qadınlar üçün 17, kişilər üçün isə 18 olsa da, 2011-ci il noyabrın 15-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikah yaşı kişi və qadınlar üçün 18 yaş müəyyən olunub. Qanun bəzi hallarda nikah yaşının 1 yaş azaldılmasına yol verir. Belə ki bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmayan şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır xəstə olduqda, qız hamilə olduqda, hərbi xidmətə çağırışla əlaqədar və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Maraqlı burasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşa çatmayan şəxsləri uşaq hesab edir. Yəqin biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq nəinki onların, hətta valideynlərin də ciddi qınağına tuş gələrik.

 

Mövzu ilə əlaqədar Birgə İşçi Qrupunun “Qaynar Xətt “ Xidmətinin hüquqşünası Ülviyyə Rəhimova suallarımızı cavablandıraraq öz fikirlərini bildirib.

 

–Sizcə, nikah yaşına çatmayan şəxslərin xahişi ilə müvafiq icra hakimiyyəti orqanlarının üzrlü səbəb olduqda müddəti 1 il azaltması nə dərəcədə düzgündür?

 

–Nikah ailə hüquq münasibətlərini yaradan önəmli hüquq faktıdır. Nikah kişi və qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağlanan azad və könüllü ittifaqıdır. Fikrimcə ölkəmizdə sözü gedən yaş həddinin azaldılması halları daha çox qadınlara şamil olunur. Təcrübə göstərir ki, keçmiş illərdən fərqli olaraq kütləvi olmasa da, indi də belə hallar xeyli sayda var. İnternet portallarında bu istiqamətdə aparılan araşdırmaya nəzər yetirsək. UNİSEF-in açıqlamasına əsasən Azərbaycanda 1 il ərzində təxminən 15 yaşına çatmayan 5 minə qədər qızın ailə qurması barədə informasiyalara rast gələ bilərik. Bu halda nəinki könüllü, ümumiyyətlə nikahdan söhbət gedə bilməz. Ən azından ona görə ki, o yaşda uşaq hələ ailə məfhumunun mahiyyətini anlamır. Yaxud da əksinə, gənc qız ailənin nə demək olduğunu dərk etsə də, o, erkən yaşda ərə getmək haqda yox, təhsil almaq və karyera haqqında düşünür. Lakin yenə də “milli” dediyimiz adət-ənənələr hələ nikah yaşında olmayan və ya olsa da, ailə qurmaq həvəsində olmayan qıza valideynlərinə etiraz etməyə imkan vermir. Və beləcə könülsüz ailə qurulur. Məlumat üçün bildirim ki, bu hal bir sıra bölgələrimizdə, xüsusilə kəndlərimizdə daha aktualdır. Uşaq hüquqları haqqında AR Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycanda nikah Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

 

–Statistikaya əsasən əvvəlki illərlə müqayisədə erkən nikahların sayı artıb ya azalıb?

 

–Statistika göstərir ki, 2011-ci ildə 18 yaşınadək olan nikahların sayı 5138 olduğu halda 2012-ci ildə bu göstərici 295 olub. Qeyd edim ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır. Bildiyimiz kimi bu cür nikahlar dövlət tərəfindən qeydə alınmadığına görə onların rəsmi statistikasını aparmaq bir qədər çətindir. Bu, əsasən doğulan uşaqların sayına görə müəyyən olunur.

 

–Qanunda erkən nikaha girənlər üçün hansı cəza tədbirləri nəzərdə tutulub?

 

–Qızlarımızın valideynləri tərəfindən nikah yaşına çatmadan ailə qurmağa məcbur edilməsi hətta elə bir həddə çatıb ki, bunun inzibati qaydada qarşısının alınmasına zərurət yaranıb. Məhz buna görə də qadını nikaha daxil olmağa məcbur etməni əngəlləmək üçün 2011-ci ildə ölkəmizin Cinayət Məcəlləsində (CM) bu problemlə bağlı maddəyə dəyişiklik edildi. AR Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə cəza tədbirləri müəyyən olunub. Həmçinin qanunvericilikdə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etməyə görə də sanksiya nəzərdə tutulub. Düşünürəm ki, valideynlərin çoxu bu dəyişiklikdən xəbərsiz olduğundan öz əməllərini davam etdirirlər. Müşahidələr göstərir ki, nikahın rəsmi qurumlar tərəfindən qeydiyyata alınmasında ən maraqlı tərəf qadınlardır. Bu ona görə belədir ki, qadınlar evlilik dövründə və ya boşanma olarsa qarşılaşdıqları vəziyyəti hüquqi baxımdan müdafiə altına almaq istəyirlər. Çünki bu, qadının bir çox (əmlak, qeydiyyat, atalığın müəyyən olunması və s. kimi) hüquqlardan məhrum olmasına gətirib çıxarır.

 

–Sizcə, erkən nikahın qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

 

–Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıqsa, qadınlara bərabər imkanlar, verilməsini tələb ediriksə, qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bu zaman hansı bərabərlikdən söhbət gedə bilər? Fikrimcə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat, maarifləndirmə işlərinin aparılması, qanunvericilikdə nəzərdə tutulan sanksiyaların tətbiqinin kütləviləşdirilməsi məqsədə uyğun olardı.

 

Erkən nikaha girən şəxslərin bir sıra sahələrlə yanaşı onların səhhətində, psixologiyasında da ciddi problemlər ortaya çıxır. Həkimlərin fikrinə görə, erkən nikaha daxil olan qızların sağlamlıq problemləri daha çox olur. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır , həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur. Tibbi cəhətdən də 18 yaşına catmayan qızlar ana olmaq iqtidarında deyillər.

 

Mövzu əlaqədar Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasında çalışan psixoloq Mətanət Mahmudovanın erkən nikaha daxil olan şəxslərin psixologiyasında yaranan problemlərlə bağlı fikirlərini də öyrəndik.

 

–Qızların erkən yaşda ailə qurmasına əsas səbəb nədi?

 

–Fikrimcə, bu, daha çox maddi problemlərlə əlaqədardır. Ailələrin qız övladına duz yükü kimi baxması, “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununlada öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər.

 

–Araşdırmalarınız bu sahədə hansı problemləri ortaya çıxarıb?

 

–Erkən nikah quran ailələrdə bir sıra problemlər yaşanır, xüsusilə qızlarda ciddi sağlamlıq problemləri, ana rolunun cətinlikləri,mənəvi- emosional problemlər, dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı ciddi problemlər yaranır.

 

–Erkən nikahda əsas məsuliyyət kimin üzərinə düşür?

 

–Erkən nikaha daxil olan şəxs ailənin məsuliyyətini anlamadan nigah qurur. Təbii ki burda məsuliyyət valideynlərin üzərinə və eyni zamanda erkən nikahda tərəflərdən biri daha yetkin yaşda olarsa, onun da üzərinə düşür.

 

–Bu yaşda ailə quran şəxslərin psixologiyasında hansı problemlər yaranır?

 

–Erkən nikaha daxil olanlar psixoloji problemlər yaşayır. Bir şəxsiyyət kimi formalaşmasında müəyyən baryerlər yaranır, ailə, məişət qayğıları, övlad məsuiyyəti onlara stress və gərginlik gətirir. Öz yaşıdlarından geri qalırlar. Fikrimcə, bu cür nikahların qarşısını almaq üçün gənclərin, cəmiyyətin maarifləndirilməsi əsas məqam çıxış etməlidir. Bu yöndə müxtəlif səpkili seminarların keçirilməsi çox gözəl effekt verər. Erkən nikahın törətdiyi fəsadlar haqda geniş məlumatlandırma erkən nikahın qarşısının alınmasında mühüm tədbir kimi çıxış edir.

 

Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə “əlvida” demək mümkündür.

 

525-ci qəzet