Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Posted by

Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Serbiya və Azərbaycan arasında ikitərəfli siyasi münasibətlər çox yüksək səviyyədədir. Bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Voyoviç ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə Trend-ə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar: “Ötən il Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfəri zamanı iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Həmin Bəyannamə gələcəkdə bütün sahələrdə qarşılıqlı fəaliyyət üçün siyasi və hüquqi əsas yaradır”.

 

Z.Voyoviç qeyd edib ki, qarşılıqlı münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafı, gələcəkdə birgə infrastruktur sahəsindəki layihələrdə irəliləyiş, birgə investisiya layihələri, ölkələr arasında əmtəə dövriyyəsinin həcminin artırılması, Serbiya şirkətlərinin Azərbaycandakı infrastruktur layihələrində iştirakı prioritet məsələlərdir: “Bildiyiniz kimi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində tikinti işləri canlanıb. Möhtəşəm layihələr həyata keçirilir, stadionlar, digər idman obyektləri tikilir. Serbiya şirkətləri də həmin obyektlərin tikintisində iştirak etməyə maraq göstərirlər”.

 

Ticari-iqtisadi əlaqələr

 

Z.Voyoviç bildirib ki, Serbiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr iki ölkənin əməkdaşlığında önəmli yer tutur.

 

Səfirin sözlərinə görə, 2010-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə milyon səviyyəsində idisə, 2012-ci ildə həmin göstərici 40 milyon avroya, 2013-cü ildə isə 60 milyon avroya yüksəlib: “Serbiya Azərbaycana kənd təsərrüfatı məhsulları, neft-qaz sənayesi üçün avadanlıq, eləcə də mebel, tikinti materialları ixrac edir”.

 

Humanitar sahədə əməkdaşlığa gəlincə, Z.Voyoviç vurğulayıb ki, son illər bu sahədə bir sıra layihələr həyata keçirilib: “Həmin layihələr sırasında Belqradda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və serb yazıçı Milorad Paviçin heykəllərinin ucaldıldığı “Taşmaydan” mərkəzi parkının yenidən qurulması, həmin şəhərdə məscidin yenidən qurulması və digərləri var”.

 

Diplomat deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir çox layihələr həyata keçirilib: “Əlbəttə ki, bütün bunlar ümumilikdə münasibətlərin inkişafına xidmət edir”.

 

İnvestisiyalar

 

Bu gün Serbiyada bir neçə Azərbaycan şirkəti çalışır.

 

Səfir bildirib ki, Serbiya və Azərbaycan infrastruktur obyektlərinin tikintisi layihəsi üzərində sıx çalışırlar: “Onlardan ən irisi Serbiyada Azərbaycan şirkətlərinin əsas podratçılar olduğu ikitərəfli avtomobil yolunun bir hissəsinin tikintisi layihəsidir. Azərbaycanlı investorlar habelə Kralevo şəhərində azad zonaların yaradılması və bir sıra digər layihələrdə iştirak edirlər”.

 

Onun sözlərinə görə, Serbiya tərəfi strateji və siyasi münasibətlərə uyğun olaraq Azərbaycanın investisiyalarına maraq göstərir və azərbaycanlı tərəfdaşları Serbiyada investisiya yatırmağa cəlb etməyə çalışır.

 

Diplomatın fikrincə, bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı üçün 26 saziş və müqavilədən ibarət kifayət qədər ciddi müqavilə-hüquq bazası yaradılıb: “Daha bir neçə sənəd imzalanma ərəfəsindədir. Onların arasında iki ölkənin müvafiq nazirlikləri arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında memorandum layihəsi də var”.

 

İqtisadi sahədə əməkdaşlığın perspektivlərinə yaxın vaxtlarda keçiriləcək Ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında baxılacaq.

 

Z.Voyoviç qeyd edib ki, iclasın gündəliyi və onun yekunları üzrə imzalanması planlaşdırılan sənədlərin layihələri hazırlanma mərhələsindədir.

 

Səfirin sözlərinə görə, bütün ölkələr, o cümlədən Serbiya enerji daşıyıcılarının tədarükündə və onların marşrutlarının şaxələndirilməsində maraqlıdırlar: “Serbiya Rusiya ilə müqavilə imzalayıb, Qara dənizin dibi ilə Bolqarıstana, Serbiyaya və Avropanın digər ölkələrinə çəkiləcək “Cənub axını” qaz kəmərinin tikintisinə hazırlıq gedir. Digər tərəfdən, əgər söhbət şaxələndirmədən gedirsə, o zaman Serbiya bir hissəsinin Yunanıstanla Bolqarıstan arasında tikilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri ilə də qaz almağa maraq göstərir”.

 

Turizm

 

Diplomat hesab edir ki, gələcək əməkdaşlıq üçün daha bir perspektivli sahə turizm ola bilər. Onun fikrincə, Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılışı buna kömək edə bilər.

 

Z.Voyoviç bildirib ki, 2012-2013-cü illərdə Serbiyanın “JAT Airways” aviaşirkəti ilə Azərbaycanın AZAL aviaşirkəti arasında Belqrad vasitəsilə ABŞ-a birgə reysin açılması ilə bağlı danışıqlar aparılsa da, arzu edilən nəticə əldə olunmadı.

 

Səfir qeyd edib: “Ötən il “JAT Airways” ləğv edildi, onun əvəzinə isə yeni “AIR Serbia” şirkəti yaradıldı. Bu şirkət BƏƏ-nin “Etihad Airways” aviaşirkəti ilə saziş imzalayıb. Bu tərəfdaşlıq çərçivəsində Serbiya şirkəti üçün 10 yeni “aerobus” təyyarənin alınması planlaşdırılır. Bunun sayəsində şirkət Cənub-Şərqi Avropada aviadaşıyıcıların lideri ola bilər. Və biz ümid edirik ki, bu, ölkədə turizmin inkişafına gətirib çıxaracaq və Serbiyanın öz tərəfdaşları ilə xarici ticarət əlaqələrini möhkəmləndirəcək”.

 

Trend.az