Heydər Əliyev Fondunun təşəbbüsü ilə Budapeştdə uşaq müəssisəsinin yeni korpusunun təməli qoyulub
Yanvarın 16-da Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təntənəli təməlqoyma mərasimi keçirilmişdir.
Trend-in AzərTAc-a istinadən məlumat verir ki, bu xeyriyyə layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılmışdır. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Hazırda bu mərkəz uşaq evi, uşaq bağçası və ibtidai məktəbdən ibarətdir. Müəssisə açılandan bəri uşaqlar burada xüsusi təhsil almaqla yanaşı, müxtəlif reabilitasiya proqramları və hərəkət imkanlarının, fərdi qabiliyyətlərinin artırılmasına yönəlmiş təmrinlər vasitəsilə müalicə olunur, habelə peşə vərdişlərinə yiyələnirlər. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilmişdir.
Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək Mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış etmişdir. Tikinti başa çatdırılandan sonra həmin korpus mövcud binalar kompleksi ilə birləşdiriləcəkdir. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetr olacaqdır. Layihəyə əsasən, binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulmuşdur.
Təntənəli mərasimdən əvvəl Mərkəzin binasında Macarıstanın baş naziri aparatının xarici siyasət və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto və Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevin görüşü olmuşdur. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və mərkəzin rahibəsi Anna Fexer iştirak etmişlər.
Tədbirin təntənəli hissəsində yuxarıda adları çəkilən şəxslər çıxış etmişlər.
Çıxış edənlər Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini və iki dost xalq arasında münasibətlərin ümumi səviyyəsini yüksək qiymətləndirmişlər.
Çıxışlardan sonra qonaqlar mərkəzin ərazisinə keçmişlər. Keşiş Jolt Sereç yeni binanın tikiləcəyi yerə təntənəli şəraitdə müqəddəs su çiləmi, binanın təməli qoyulmuşdur.