Rəbiyyət Aslanova: Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə etməsini beynəlxalq təşkilatlar da etiraf edir
Bu gün Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələr və milli qanunvericilik” mövzusunda “dəyirma masa” keçirilir.
Trend xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, dekabrın 10-u dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir.
Onun sözlərinə görə, insan hüquqları XXI əsrdə bəşəriyyəti narahat edən məsələlərdən biridir. İkinci Dünya müharibəsindən sonra qəbul edilən Ümumdunya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışan R.Aslanova bildirib ki, bu bəyannamə insan hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil edib.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində zəbt edilməsi və nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsi məsələsinə toxunan komitə sədrinin fikrincə, XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsi yolverilməzdir.
O, həmçinin qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır: “Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzvüolaraq əməkdaşlıq etmək niyyətindəyik”.
“Dəyirmi masa”da çıxış edən millət vəkili, Azərbaycan Ağsaqqllar Şurasının sədri Fəttah Heydərov beynəlxalq təşkilatları hüquqları pozulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə laqeyd qalmaqda ittiham edib: “Azərbaycanda vətəndaş hüquqları pozulmuş 1 milyondan artıq insanın yurd-yuvalarına qayıtması istiqamətində qərarlar qəbul edilsə də, problem həll olunmur. Ən böyük insan hüquqları pozuntusuna qarşı ümumbəşəri soyuq münasibət var. Ermənilər tərəfindən kütləvi şəkildə 1 milyondan çox azərbaycanlının hüquqlarının pozulmasını təsdiq edirik, amma bunun nəticələrini aradan qaldırmaq üçün təəssüflər olsun ki, beynəlxalq qurumlar ciddi hərəkət etmirlər. Arzu edərdim ki, belə tədbirlər təkcə Azərbaycan daxilində deyil, kənarda da keçirilsin. Bu gün həmin insanların öz yurd-yuvalarına qayıtması təmin olunmalıdır. Beynəlxalq təşkilatlar buna ciddi diqqət yetirməlidirlər”.