İsraildə “Azərbaycan günləri”nə həsr olunmuş bir sıra görüşlər keçirilib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov İsraildə “Azərbaycan günləri”nə həsr olunmuş tədbirdə iştirak etmək üçün dünən o ölkəyə gedib.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı “İsrail-Azərbaycan” (Azİs) Assosiasiyasının məlumatında deyilir.
Tədbir Heydər Əliyev Fondunun və İsrail XİN-in dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.
S.Seyidov İsrail-Azərbaycan parlamentlərarası komissiyasının sədri Amnon Koenlə, Knessetin radikal dini ŞAS Partiyasından olan deputatla görüşüb. Görüşdə parlamentlərarası qarşılıqlı əlaqələrlə bağlı məsələlər müzakirə edilib və deputatların qarşılıqlı səfərləri ideyasının inkişaf etdirilməsi barədə razılaşma əldə olunub.
S.Seyidov, həmçinin Knessetin spikeri Yuli Edelşteynlə, hakim Likud Partiyasının deputatı ilə də görüşüb. Edelşteyn Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrikini çatdırıb.
Görüşlər zamanı deputatlar iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlarda birgə işinin mümkünlüyünü müzakirə ediblər.
Daha sonra S.Seyidov İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən qəbul edilib. Baş nazir hər iki tərəfin gələcəkdə ikitərəfli əlaqələrin intensivləşməsi və çoxtərəfli qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün maksimum səy göstərəcəyinə ümid etdiyini bildirib.