Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Ermənistan özünün təcavüzkarlıq, düşmənçilik və nifrət siyasətini göstərən faktlara qarşı çıxır
Ermənistan özünün təcavüzkarlıq, düşmənçilik və nifrət siyasətini, həmçinin yalanlarını və saxtakarlıqlarını göstərən faktlara qarşı çıxır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev Ermənistanın xarici işlər nazirinin BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində ümumi debatlarda etdiyi bəyanata cavabında bildirib.
T. Musayev vurğulayıb: “Ermənistanın xarici işlər nazirinin sözlərinə görə, Ermənistan höküməti ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 2013-ci ilin iyunun 18-də münaqişənin həllinə dair qəbul etdikləri birgə bəyanatı alqışlayır. Halbuki Ermənistanın öhdəliklərinin və əməllərinini həmişə bir-birinə zidd olduğu nəzərə alsaq, deklarativ hesabatları sadəcə alqışlamaq münaqişənin həlli prosesinində irəliləyişə nail olmaq üçün kifayət deyil”.
T.Musayev bildirib ki, Ermənistan xarici işlər nazirinin sözlərinə görə, “Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrini səhv şərh edir”. Belə bir məntiq təkcə sübut olunmamaqla yanaşı, Ermənistanın TŞ-nın qətnamələrindəki tələblərə əməl etməməsi və beynəlxalq hüquq əsasında münaqişənin həlli prosesini pozmağa yönəlmiş səylərini sübut edən bir sıra fakt və sənədlərlə asanlıqla təkzib olunur.
T.Musayevin sözlərinə görə, Ermənistan Azərbaycanın guya etimad yaradılması tədbirlərini həyata keçirməyi rədd etməsini iddia edərək özünün hər zamankı unutqanlığını təkrar edir. Belə olmasaydı, ölkə rəsmiləri xatırlayardılar ki, Ermənistan bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün öz evlərinə qayıtması hüququnu inkar edir, işğal olunmuş torpaqlarda demokrafik vəziyyəti dəyişməyə və Azərbaycanın mədəni və tarixi köklərinə aid hər bir nişanənin ləğv edilməsinə səy göstərir.
Musayevin sözlərinə görə, bundan savayı, beynəlxalq hüquq üzrə öhdəliklərinə, həmçinin mövcud silahlara nəzarət rejimi altında müvafiq öhdəliklərə açıq şəkildə məhəl qoymayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi iştirakını davam etdirir. Bundan başqa müqayisəli təhlil göstərir ki, əhalisi, ərazisi, illik büdcə və ümumi daxili məhsuluna görə müqayisədə, Ermənistan Cənubi Qafqazda ən hərbiləşdirilmiş ölkədir.
T.Musayev bildirib: “Əslində, ATƏT-in sülh səylərinə, Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq, Azərbaycan ərazisinin işğalını davam etdirərək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evlərinə qayıtması hüququnu inkar edərək, beynəlxalq hüququn norma və prinsiplərini səhv şərh edərək, Ermənistan regional və beynəlxalq sülh və təhlükəsizliyin kim tərəfdən təhlükə altında qoyulduğunu aydın şəkildə nümayiş etdirir”.