Azərbaycan Varşavada beynəlxalq təşkilatları moldovalı ombudsmanın hüquqlarının qorunmasına çağırıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı bu günlərdə Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə İllik Toplantısında iştirak edib. Trend-in məlumatına görə, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, A. Səfixanlı həmin iclasda çıxış edərək 2013-cü ilin iyulunda Ermənistanda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Moldova Respublikasının Parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyən zaman fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qaldığını, onun hüquqlarının kobud şəkildə pozulduğunu və öz ölkəsinə qayıtmasına imkan verilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Aparatın rəhbəri çıxışında BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistan Respublikasının həmin təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə və digər sənədlərə, o cümlədən, insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərə saymazyana münasibət göstərdiyini, A.Qriqoriunun Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsildiyini, söylədiyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qaldığını, daha sonra Ermənistanın müvafiq qurumları tərəfindən hərəkət etmək azadlığı məhdudlaşdırılaraq öz ölkəsinə qayıtmasına maneçilik törədildiyini diqqətə çatdırıb. O, bununla da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinin pozulduğunu vurğulayaraq, Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləmiş, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, o cümlədən, Milli İnsan Hüquqları təsisatlarını bu məsələyə münasibət bildirməyə çağırıb.
A.Səfixanlının hər iki çıxışı toplantının rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yerləşdirilib.