Azərbaycanla Türkiyənin gömrük qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DGK mətbuat xidmətindən Trend-ə verilən məlumaat görə, komitə sədri Aydın Əliyev ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə toxunan Aydın Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Belə ki, komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyənin təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin durmadan inkişaf etdiyini söyləyən komitə sədri iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirib, gələcəkdə dövriyyənin daha da artacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını diqqətə çatdırıb.
Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Fatih Metin isə Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib. Qonaq ticarət dövriyyəsinin artmasını sevindirici hal kimi dəyərləndirib, dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcud olduğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın yüksələn dinamika ilə inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini qeyd edib. O, “Bakı-Tiflis-Qars” dəmiryolunun istismarından sonra dövriyyənin daha da artacağına ümidvar olduğunu bildirib.
İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Fatih Metin iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun iştirak edib. Sonra türkiyəli qonaqlar Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinə baxış keçirib və onun imkanlarını yüksək dəyərləndiriblər.
Qeyd edək ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Hədəf Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmiryolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Hədəf Mərkəzinə ötürülür və buradakı 20 monitorla izlənilir.