Bakıda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinin 8-ci sessiyası keçiriləcək
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası dekabrın 2-7-də Bakıda keçiriləcək. Bu barədə Trend təşkilatın rəsmi saytına istinadən məlumat verir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq edəcəyi sessiyada komitə Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın icra olunmasına dair üzv ölkələrin dövri hesabatlarını dinləyəcək və təcili qorunmağa ehtiyacı olan abidələrin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün ərizələri nəzərdən keçirəcək.
Qeyd edək ki, Azərbaycanın çövkən idman növünün təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınması da istənilib.
Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibətilə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.