Parlament üzvü: Avropa Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında ədalətli həllinə tərəfdardır
Avropa Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında ədalətli həllinə tərəfdardır. Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin üzvü, Avropa Liberallar və Demokratlar Alyansının (ALDA) vitse-prezidenti Ramona Manesku Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirib.
Millət vəkilinin sözlərinə görə, öz ictimai və iqtisadi potensialını reallaşdırmaq üçün hər şeydən əvvəl region ölkələrinin təhlükəsizliyi təmin olunmalı və onlar öz qonşuları ilə sülh şəraitində yaşamalıdır.
R.Manesku vurğulayıb ki, davamlı əməkdaşlığın qurulması, regionun inkişaf edə bilməsi və konfliktin sülh yolu ilə həllinə nail olunması məqsədilə münaqişə iştirakçılarına hər cür zorakılığa və hərbi müdaxiləyə son qoymaq istiqamətində kömək göstərməkdən ötrü təcili güclü öhdəçiliyə ehtiyac var.
O deyib: “Mən Avropa Parlamentinin üzvü və ALDA-nın vitse-prezidenti kimi hesab edirəm ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına və mülkiyyət hüququ və şəxsi təhlükəsizliyinə hörmətlə yanaşılmalıdır. Odur ki, mən hər şeydən əvvəl həm Ermənistan, həm də Azərbaycan rəhbərliyindən gözləyirəm ki, onlar öz vətəndaşlarının əsas prioritetlərinin nə olduğunu başa düşərək, münaqişənin son qoyulmasına dair razılığa gəlsinlər və öz xalqlarının əmin-amanlığına və firavan yaşamalarına təminat versinlər”.
Parlamentari bildirib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu vasitəsilə beynəlxalq vasitəçilik cəhdlərini dəstəkləyir və münaqişənin davamlı və sülh yolu ilə həllində öz rolunu oynamağa hazır olduğunu bildirir: “Biz Şərq Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqaz ölkələri və Aİ arasında iqtisadi inteqrasiya və siyasi əməktaşlıq prosesini daha da inkişaf etdirə bilərik”.