…Wall Striit Journalının reportyoru Daniel Pörül 2002-ci ildə Pakistanda terrorçular tərəfindən qətlə yetiriləndən sonra onun dul arvadı bir çoxları kimi «Görəsən bu işdən ötrü ölməyə dəyərmi?» sualı qarşısında qalmadı. Əksinə, Radio Franse İnternationalda prodüsser işləyən bu qadın – Mariann Pörül üzünü bütün jurnalistlərə tutaraq dedi: «Sizi susmağa məcbur eləsələr səsinizi daha ucadan qaldırın»
Bu qadını alqışlamağa və onun cəsarətli fikri qarşısında baş əyməyə dəyər. Təbii mən bunu bir peşəkar jurnalist olaraq deyirəm. Amma demək başqa, öz işi ilə jurnalist cəsarətini nümayiş etdirmək tamam başqa. Aydın məsələdir ki, sözünü azad demək istəyən hər bir jurnalisti daim təhlükə gözləyir. Bu, bütün ölkələrdə belədir.
Konkret halda bizi Azərbaycanda jurnalistlərin təhlükəsizliyi məsələsi maraqlandırdığından, söhbətimizi məhz bu kontekstdə davam etdirmək fikrindəyik.
Azərbaycan jurnalistikası müxtəlif mərhələlərdən keçib. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təməlini qoyduğu «Əkinçi» qəzetinin nəşrindən üzü buyana mətbuatımız müxtəlif siyasi münasibətlər mərhələsi keçmişdir ki, bunun da ən uzun dövrü sovet həkimiyyətinin mövcud olduğu illərə düşür. «Azərbaycan sovet mətbuatı» anlayışı 70 illik zaman kəsiyini əhatə edir və qeyd etmək yerinə düşər ki, məhz müstəqil Azərbaycan mətbuatının yaranması meylləri də həmin dövrdə yetişmiş jurnalistlərin çiyinlərinə düşdü.
Ötən 70 illik dövrdə jurnalistlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yox idi. Çünki, mətbuat və mətbuatda çalışanlar dövlət himayəsində idilər. Bir partiyalı sistem, birmənalı düşüncə tərzi, planlı iqtisadiyyat jurnalisti yalnız bir mənafeyə – dövlətin mənafeyinə işləməyə vadar edirdi. Əslində 1875-ci ildən 1920-ci ilə – Azərbaycanda sovet hakimiyyəti qarulana qədərki müstəqil mətbuatda da yazarların təhlükəsizliyi ilə bağlı problemlər indiki qədər olmamışdır. Düzdür, müxtəlif illərdə müxtəlif qəzet və jurnallar, qapadılmış, orada çalışanlar təhqir edilmiş, onlara hədə qorxu gəlinmişdir. Amma bunu daha çox mövhumat və cəhalətlə bağlamaq düzgün olardı.
1989-cu ildə təşəkkül tapmağa, formalaşmağa başlamış yeni Azərbaycan jurnalistikası isə yarandığı vaxtdan prblemlərlə üzləşir. Artıq Azərbaycanın 12 öldürülmüş jurnalisti var. Düzdür onların əksəriyyəti ekstremal situasiyada – cəbhə bölgəsində qətlə yetirilib. Lakin fakt budur ki, birbaşa jurnalistikaya bağlı olduğu üçün öldürülənlər də var. Onlardan ən çox bütün cəmiyyəti silkələyəni 2005-ci il martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli oldu. Üstündən bir ildən çox ötməsinə baxmayaraq hələ də həmin qətli törədənlər baradə cəmiyyətdə anlaşıqlı informasiya yoxdur.
2006-cı il iki hadisə ilə yadda qalmaqdadır. Bunlardan biri martın əvvələrində «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynlinin vəhşicəsinə döyülərək, fiziki xəsarət alması, digəri isə «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin mayın ortalarında işdən çıxaraq evə gedərkən naməlum adamlar tərəfindən oğurlanıb Masazır gölü ətrafında ölümcül hala salınmasıdır. Hər iki hadisədən xeyli vaxt keçsə də hüquq-mühafizə orqanları cinayətkarları nəinki tapa bilməmiş, hətta onların izinə düşə bilməmişlər. Artıq həm mətbuat kularlarında, həm də ictimaiyyətdə belə bir fikir mövcuddur ki, cinayətkarlar bu dəfə də tapılmayacaqlar.
Bu, artıq ənənəyə çevrilməkdədir. Jurnaliətləri çox asanca oğurlayaraq ölüncəyə qədər döyürlər, əvəzində isə heç kim cəzalandırılmır. Bahəddin Həziyev sanballı jurnalistlərdəndir. Əsasən siyasi təhlillər yazır, heç bir təhqirə yol vermir. Bu səbəbdəndir ki, jurnalistika ilə məşğul olduğu 16 ildən də çox dövrdə heç vaxt məhkəməyə verilməyib. Məhz belə bir jurnalistin oğurlanaraq vəhşicəsinə döyülməsi çox təhlükəli tendensiyanın yaranacağına işarədir. Elə bir maraqlı bir qüvvə ən azından ölkənin imicinə zərbə vurmaq istəyini boğa bilmir, tanınmış jurnalistləri qətlə yetirməklə, döydürməklə xaos yaratmaq arzusunu həyata keçirmək istəyir. Hakimiyyətin bu məsələdə maraqlı olması həm məntiqi, həm də reallıq baxımdan ağlabatan görünmür. Elə isə bəs niyə cinayətkarlar tapılmır? Bu sual dəfələrlə səsləndiyindən artıq «SOS» təsiri bağışlamır, əksinə çox banal görünür. Qəribə də olsa, heç jurnalistlərin özlərinin də təhqiqat qurupu yaradıb hüquq-mühafizə orqanları ilə birgə işləmək ağıllarına gəlmir. Burada qeyri-adi bir şey yoxdur. Əgər, hüquq-mühafizə orqanlarına inanmırsansa, jurnalistlərin döyülməsində hakimiyyətin maraqlı olduğunu iddia edirsənsə, onda jurnalistlərin özlərinin məsələyə müdaxilə etməsindən özgə yol qalırmı?
Ölkədə jurnalistlərin hüquqlarını qoruyacaq, onların arxasında dayana biləcək kifayət qədər jurnalist təşkilatı var. Lakin onların fəaliyyəti hər hansı hadisədən sonra bəyanat verməkdən uzağa getmir. Nəhayət, mətbuatın özünün müxtəlif siyasi qütblərə ayrılması jurnalist həmrəyliyinin yaranmasına mane olur. Diqqətlə izləsəniz, görərsiniz ki, hakimiyyətyönlü mətbuat Bahəddin Həziyevin döyülməsinə demək olar ki, heç bir reaksiya vermədi. Olduqca acnacaqlı və başucalığı gətirməyən bir haldır. Ona görə də bir qədər sonra növbəti jurnalistin döyülməyəcəyinə heç bir zəmanət yoxdur.
İndilikdə isə Bahəddin Həziyevin vəziyyəti ağır olaraq qalır. O, bir də ayağa durub qələm tuta biləcəkmi? Belə bir psixoloji sarsıntıdan sonra yazmağa dəyərmi?
Yox, bu Mariann Pörülün «Bu işdən ötrü ölməyə dəyərmi?» sualı qədər dəhşətli görünmür. Amma hər halda peşəkar jurnalist üçün yazmamaq yaşamamaq qadar ağır bir şeydir.
Deməli əvvəl özümüzü qorumalıyıq ki, sonra da qələmimizi qoruya bilək.
Yoxsa azad sözü qoruyan olmayacaq.
Məmməd Nazimoğlu
Söz Azadlığını Müdafiə Fondunun eksperti