Tövsif – ərəb mənşəli sözdür. Mənası “tövsiyə” sözündən götürülüb və “bir işi necə görmək, necə hərəkət etmək haqqında məsləhət, təklif, tapşırıq vermək” deməkdir. Bir çox elm sahələri tövsifdən istifadə edir. Bu elm sahələri içərisində hüquq elmi sahəsi, xüsusi olaraq cinayət hüquq elmi sahəsi fərqlənir. Cinayət hüququnda tövsif baş vermiş cinayətə görə məsuliyyətin həllində qanunun bu və ya digər normasını seçməyə dair fəaliyyət mənasında işlədilir. Cinayət hüququnda müxtəlif müəlliflər tərəfindən tövsiyə müxtəlif cür anlayışlar verilir.
Qarayev T. və Şəmsizadə R.-nin cinayət tövsifinin nəzəri əsasları monoqrafiyasında tövsifə belə anlayış verilir: “Cinayətin tövsifi dedikdə törədilən konkret əməlin cəhətləri ilə c cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə müvafiq hüquqi sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət başa düşülür.”
Səməndərov F. tövsifə anlayış verərkən yuxarıdakı anlayışdan istifadə etmişdir, ancaq yuxarıdakı anlayışda işlədilən eynilik əvəzinə uyğunluq termininin işlədilməsini məsləhət görmüşdür. Bizim fikrimizcə bu daha məqsədəuyğundur. Törədilən əməlin əlamətləri heç vaxt cinayət qanunvericiliyinin normaları ilə eynilik təşkil edə bilməz. Yalnız bunlar arasında uyğunluq ola bilər və bu uyğunluğa əsasən cinayət hüquq norması seçilir. Eynilik dedikdə əsasən törədilmiş konkret cinayət əməlinin əlamətləri cinayət qanunvericiliyinin normaları ilə tam əks olunmalı, eyni olmalı, yəni cinayət əməlinin əlamətləri cinayət qanunvericiliyində olduğu kimi olmalıdır. Bu da mümkün olan iş deyil. Çünki törədilən cinayətin tərkib əlamətləri cinayət hüquq normasında göstərilən tərkib əlamətləri ilə oxşarlıq təşkil edə bilər, onlar arasında uyğunluq ola bilər.
V.N. Kudryavçev tövsifə anlayış verərkən göstərir: “tövsif törədilmiş əməlin əlamətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin dəqiq uyğunluğunun müəyyən edilməsi və buna hüquqi qüvvə verilməsidir.”
Törədilmiş əmələ bu və ya digər cinayət əməlinin əlamətlərinin müəyyən edilməsi fəaliyyəti kimi tövsif əmələ verilən qiymətin formalaşması prosesi kimi çıxış edir. Tövsif əmələ verilən qiymətin özüdür. Yəni, məhkəmə sosial faktı müəyyən cinayət hüquq normasının təsiri altına gətirməklə, ona qanunun bu növ əməllərə verdiyi dövlət hüquqi qiyməti aid edir.
Yuxarıda göstərilən anlayışlardan belə nəticə çıxır ki, tövsif zamanı törədilən cinayətə faktiki hüquqi qiymət verilir. Tövsif törədilən əməli tam əhatə etməli, dəqiq olmalıdır. Qanunun ruhundan irəli gəlməyən genişləndirici tövsifə yol verilməməlidir.
Tövsif cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərin fəaliyyətinin bütün mərhələlərində həyata keçirilən məntiqi proses olub, yekunda konkret sosial hadisəyə, yəni cəmiyyət üçün təhlükəli olan insan davranışı aktına verilən hüquqi qiymətdir. Cinayət qanununa müvafiq olaraq törədilmiş əmələ qiymət verilməsi prosesi cinayət işinin qaldırılması mərhələsi ilə başlayaraq, ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə başa çatır. Cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin hər bir əlamətini xarakterizə edən istintaqda toplanan sübutlar ittiham etmək üçün kifayət sayıla bilər. Başqa sözlə ittiham elan edilənə qədər şəxsin törətdiyi cinayətdə təqsirli bilinməsi üçün cinayət tərkibinə aid konkret faktiki əlamətlərin müəyyən olunması tələb olunur. Buradan da görünür ki, cinayətin tövsifi işin faktiki hallarının öyrənilməsi, Cinayət hüquq normasının seçilməsi, onun məzmununun izah edilməsi ilə bağlı bir prosesdir. Bu prosesdə özündə bir neçə şərti mərhələni əhatə edir.
V.N. Kudryavçev və C.A. Tararuxin tövsifin mərhələlərini cinayət işinin istintaqı və məhkəmədə baxılması mərhələləri ilə eyniləşdirirlər. Ancaq bu düzgün deyildir. Tövsifin mərhələləri cinayət prosesinin mərhələləri ilə üst-üstə düşmür. Çünki xüsusi səlahiyyətli şəxslər məhkəmə hökmü çıxarılana qədər cinayət prosesinin, demək olar ki, bütün mərhələlərində eyni növ hərəkəti, yəni törədilmiş əməlin əlamətləri ilə cinayət hüquq normasını müqayisəetmə hərəkətini icra edirlər. Bu mənada cinayət işinə başlamaq, ittihamnaməni elan etmə və ya təqsirkarı məhkəməyə vermə mərhələlərində əməlin tövsif edilməsi arasında heç bir fərq yoxdur.
“Cinayətin tövsifin nəzəri əsasları” monoqrafiyasının müəlliflərinin (T.Qarayev və R. Şəmsizadə) fikrincə cinayətini tövsifinin iki mərhələsini qeyd etmək olar: 1. Tövsif edilən ictimai təhlükəli əməlin əlamətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin eyniliyinin müəyyən edilməsi. 2. Törədilmiş əməlin rəsmi cinayət hüquqi qiymətləndirilməsi.
F.Y. Səməndərov dərsliyində üç mərhələni göstərmişdir. 1. İşin faktiki hallarının müəyyən edilməsi və cinayət hüquqi əhəmiyyət kəsb edən əlamətlərin ön plana çıxarılması. 2. Baş verən əməli nəzərdə tutan cinayət hüquq normasının seçilməsi və normanın məzmununun şərh edilməsi. 3. Seçilən hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri ilə araşdırılan ictimai təhlükəli əməlin faktiki əlamətlərinin müqayisə edilməsi və bunların uyğun olub-olmamasının hüquqi aktda təsbit edilməsi. Firudin müəllimin fikirləri A.V. Naumovun və A.S. Novçenkonun fikirləri ilə üst-üstə düşür. Ancaq bunlardan fərqli olaraq Firudnin müəllim üçüncü mərhələyə əldə olunmuş nəticənin hüquqi aktda təsbit olunması məsələsini daxil etmişdir. A. Levitski bu məsələni, yəni nəticənin prosessual aktda rəsmiləşdirilməsini dördüncü mərhələ olaraq göstərir.
Göstərilən müxtəlif müəlliflərin çoxsaylı fikirlərini ümumiləşdirərək tövsifə mən (S.N. Zöhrab. BDU hüquq fakültəsi, III kurs tələbəsi) aşağıdakı kimi anlayış vermək istərdim: “Tövsif-şəxsin törətdiyi ictimai təhlükəli əməl nəticəsində pozulmuş münasibətləri bərpa etmək məqsədilə konkret cinayət hüquq normasının seçilməsi üçün bir prosesdir və bu proseslə əlaqədar şəxsin törətdiyi əmələ verilən hüquqi qiymətdir.”
Göstərilən anlayışdakı şəxsin törətdiyi ictimai təhlükəli əməl nəticəsində münasibətlər pozulmasa cinayətin tövsifindən söhbət gedə bilməz. Tövsif üçün hüquqi faktın olması əsasdır. İctimai münasibətlərin pozulmasına səbəb olan ictimai təhlükəli əməl tövsif zamanı cinayət məsuliyyəti yaratmaya bilər. Məsələn, pataloji afekt vəziyyətində cinayət törədən şəxs məhkəmə tibbi ekspertizasının rəyinə əsasən pataloji afekt vəziyyətində olduğu üçün məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad edilir. Şəxsin törətdiyi əməl ictimai təhlükəli nəticələrə səbəb olmuşdur. Bu əməl nəticəsində ictimai münasibətlər pozulmuşdur. Ancaq cinayət tərkibinin subyektiv cəhətinin elementi olan şəxsin anlaqlığı olmadığından, yəni şəxs anlaqsız vəziyyətdə cinayət törətdiyindən cinayət məsuliyyəti istisna edilir.
İctimai münasibətlər məhz şəxsin törətdiyi ictimai təhlükəli əməl nəticəsində pozulmalıdır. Yəni cinayətdə təqsirləndirilən şəxsin əməli ilə nəıticə arasında səbəbli əlaqə olmalıdır. Əgər törədilən əməl nəticənin yaranmasının səbəbi deyildirsə, onda onlar arsında əlaqə yoxdur, cinayət məsuliyyəti yoxdur. İctimai münasibətlərin pozulması tövsif üçün əhəmiyyətli rol oynayır. İctimai münasibətlər pozulmasa tövsifdən danışmaq yersiz olardı. Tövsif pozulmuş ictimai me\ünasibətlərin bərpası ilə əlaqədar olan prosesdir və bu ictimai münasibətlərin pozulmasına səbəb olan əmələ verilən hüquqi qiymətdir. Tövsif zamanı pozulmuş ictimai münasibətləri bərpa etmək üçün konkret cinayət hüquq norması seçilir. Cinayət hüquq norması dedikdə tam ehtiva olunmuş tərkib struktur elementinə malik olan, rəsmi xarakter daşıyan, ictimai münasibətləri tənzimləyən dövlət məcburetmə qüvvəsi ilə təmin edilərək dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan ümumi xarakterli davranış qaydasıdır. Törədilmiş cinayətin bütün halları, xarakteri nəzərə alınaraq (yəni, yüngülləşdirici və ağırlaşdırıcı hallar) cinayət hüquq norması tərtib edilir və tətbiq edilir. İctimai münasibətlərin pozulmasına səbəb olmuş təqsirkarın törətdiyi əməl heç də bütün hallarda cinayət hesab edilib, cinayət məsuliyyətinə səbəb olmur. Məsələn, zəruri müdafiə zamanı şəxsin qanuni yol verdiyi və qarşı tərəfin ölümü ilə nəticələnən əməl cinayət hesab edilmir. Əgər zəruri müdafiə həddi aşılmamışdırsa, burada törədilən əməl zəruri müdafiə vəziyyətində törədilir. əməlin cinayət hesab edilməsi üçün gərək o qanunsuz olaraq törədilsin. Qanunsuz əmələ qiymət verərkən cinayət hüquq norması yaradılır və tətbiq edilir. Yuxarıda göstərilən zəruri müdafiə vəziyyətində qarşı tərəfin ölümünə səbəb olan əməldə tövsif olunur. Bu zaman cinayət hüquq normasından istifadə edilmir. Yalnız Cinayət Qanunvericiliyinin şərti normalarını rəhbər tutaraq tövsif aparılır və şəxs məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad edilir. Buradan da görünür ki, əmələı hüquqi qiymət verilməsi prosesində cinayət hüquq norması seçilə də bilər, seçilməyə də. Bu, əməlin cinayət hesab edilib edilməməsindən asılıdır. Əgər əməl cinayət hesab edilmirsə, onda cinayət hüquq normasının tətbiqindən söhbət gedə bilməz. Ancaq tövsifə səbəb olan pozulmuş münasibətlərin bərpa edilməsi prosesində şərti normalardan istifadə edilir. Şərti norma Cinayət Məcəlləsinin maddələrinin müddəalarıdır. Bu müddəalar cinayət hesab edilən əməllərin tövsifi zamanı konkret cinayət hüquq normasının tərkibində nəzərdə tutulur.
Bizim cinayətin tövsifinə verdiyimiz anlayışın tərkibindəki prosesin həm konkret cinayət hüquq normasının seçilməsi üçün bir proses olduğu, həm də bu proseslə əlaqədar şəxsin törətdiyi əmələ verilən hüquqi qiymətlə bağlı proses olduğu göstərilir. Tövsif zamanı işin halları araşdırılarkən ilk öncə cinayət əməlinin olub-olmaması araşdırılır. Əgər cinayət əməli varsa onda konkret cinayət hüquq normasının seçilməsi ilə bağlı cinayət başlanır. əgər işin halları araşdırılarkən cinayət əməlinin olmadığı ortaya çıxarsa, onda şərti normalara əsasən tövsif zamanı şəxsin əməlinə qiymət verilir. Şəxs təqsirsizdirsə, məhkəmənin hökmü ilə azad olunur.
Tövsif prosesinin özü şərti olaraq mərhələlərə bölünür. Bu mərhələlərə bölgü ilə işin hallarını araşdırmaq və prosesin gedişini izləmək asan olur. Biz Firudin müəllimin tövsif prosesinin mərhələlərə bölgüsünü qəbul edirik, yalnız onun üçüncü mərhələdə göstərdiyi nəticənin hüquqi aktda təsbit edilməsini ayrıca mərhələ kimi götürürük. A. Levitski də bu məsələni dördüncü mərhələyə daxil etmişdir. Bizim şərti mərhələyə bölgümüz aşağıdakı kimidir. Əvvəla hər şeydən əvvəl ictimai münasibətləri pozan əməlin törədildiyi andan sonra tövsif prosesi başlanır. Bu prosesin birinci mərhələsində işin faktiki halları araşdırılır. Bu araşdırma nəticəsində cinayət hüquqi əhəmiyyət kəsb edən işin halları hüquqi əhəmiyyət kəsb etməyən hallardan təcrid edilir, ayrılır. Bu təcrid edilib, ayrılan hallar prosesin tədqiqat obyektinə çevrilir. Bu mərhələdə törədilmiş cinayətin mənzərəsi yaradılır. İlk öncə törədilmiş əməl nəticəsində zərər görmüş obyekt tədqiq edilir. Bu obyektdə baş verən dəyişikliyin, yetirilən ziyanın və zərərin əsasında yetirən subyekt müəyyən edilir. Tövsifin birinci mərhələsində öyrənilən məsələlərdən biri də cinayətin subyektinin əməli (hərəkət və hərəkətsizliyi) ilə nəticə arasındakı səbəbli əlaqədir. Subyektin əməli ilə obyektdə dəyişiklik baş verir. Baş verən bu dəyişiklik, yetirilən ziyan, dəyən zərər cinayətin nəticəsidir. Əməl ilə nəticə arasında səbəbli əlaqənin öyrənilməsi vacib məsələlərdən biridir. Təqsirləndirilən şəxs obyektə dəyişiklik yetirən və ya obyektə dəyişiklik yetirilməsi ilə əlaqəli olan şəxsdir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirinin olub-olmaması da tövsifin birinci mərhələsində araşdırılır. Burada cinayətin qəsdən və ya ehtiyatsızlıqla törədilməsi, cinayəti törədərkən şəxsin anlaqlı olub-olmaması, cinayəti hansı motiv və məqsədlə törətməsi öyrənilir.
Tövsifin birinci mərhələsində öyrənilən cinayət tərkibinin zəruri elementləri olan obyektin, obyektiv cəhətin, subyektin və subyektiv cəhətin əsas əlamətlərini təşkil edən faktların toplanıb başa çatması ilə birinci mərhələ başa çatır. Biz bu mərhələni şərti olaraq qəbul edirik. Bu göstərilən hallar ümumi xarakterlidir. Başqa sözlə desək, işin faktiki hallarını təşkil edən faktlar (yəni cinayət tərkibinin əlamətləri) digər mərhələlərdə də özünü büruzə verir. Məsələn, cinayət tərkibinin subyektiv cəhətini təşkil edən və işin faktiki halı olan şəxsin anlaqlı olub-olmaması faktı tövsifin üçüncü mərhələsində məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza tərəfindən müəyyən edilə bilər. Bu da onu göstərir ki, işin faktları bəzi hallarda tövsifin birinci mərhələsində qismən, bəzi hallarda isə tam toplanmış olur. Biz qəti olaraq deyə bilmərik ki, cinayətin bütün halları birinci mərhələdə aşkar edilib. Faktlar tövsif prosesinin gedişində (II və III mərhələlərdə) ortaya çıxa bilər. Cinayət tərkibinin zəruri əlamətləribirinci mərhələdə tam ehtiva edilir. Əgər zəruri əlamətlər tam ehtiva edilməsə cəzanın düzgün tətbiqindən söhbət gedə bilməz.
Tövsifin ikinci mərhələsini baş verən əməli nəzərdə tutan şərti qəbul edilən cinayət hüquq normasının və ya cinayət hüquq normasının seçilməsi və tətbiq edilən normanın məzmununun şərh edilməsi təşkil edir. Şərti qəbul edilən cinayət hüquq norması cinayət qanunvericiliyinə müvafiq maddəsini özündə əks etdirir. Cinayət hüquq norması isə bir neçə maddəni özündə ehtiva edir. Cinayət hesab edilən əməllərlə bağlı cinayət hüquq norması tətbiq edilir. Bu norma özündə şərti qəbul edilmiş normaları birləşdirir. Tövsif zamanı cinayət hesab edilməyən əməllərlə bağlı şərti cinayət hüquq norması tətbiq edilir. Məsələn, zəruri müdafiə vəziyyətini aşmadan şəxsi öldürmə cinayət deyildir və ona cinayət hüquq norması tətbiq etmək olmaz. Ona şərti norma tətbiq edilir və cinayət məsuliyyəti yaranmır. Seçilən norma işin faktiki hallarına uyğun olmalıdır. İşin hallarını özündə əks etdirməlidir. Seçilən normanın dəqiqliyi işin faktlarının çoxluğundan asılıdır. Birinci mərhələdə işin faktları nə qədər düzgün toplanılsa da ikinci mərhələdə normanı seçmək bir o qədər asan olar. Seçilən norma qanuni olmalıdır. Şəxsin hüquq və azadlıqlarını qanunsuz olaraq pozan və məhdudlaşdıran normanın seçilməsinə yol verilmir. Ədalətlilik gözlənilməsi ilə yanaşı humanizmə də yol verilməlidir. Bu iki ifadə bir-birinə ziddir. Ancaq bununla belə ikisinin qarşılıqlı vəhdətdə tətbiqi əhəmiyyətlidir. Cəzanın məqsədi şəxsi islah etməkdir. Sərt cəza tətbiq etməklə şəxsi islah etmək olmaz. Tövsif zamanı seçilən norma hər bir halda şərh edilir və edilməlidir. Seçilən normanın nə məqsədlə seçildiyi, hansı funksiyanı yerinə yetirəcəyi, hansı məhrumiyyətləri yaradacağı və s. şərhdə öz əksini tapır. Şərh zamanı, yəni normanı izah edərkən təfsirin leqal, məhkəmə, doktrinal növlərindən istifadə edilir. Seçilən cinayət hüquq normasının məzmunu və Cinayət hüquq normasının sanksiyasının həddi izah edilir. Cinayət hüququnda məhkəmə tərəfindən şərh edilən konkret cinayət işinin şərhi digər cinayət işi zamanı tətbiq edilə bilməz, çünki cinayət hüququnda analogiyaya yol verilmir.Bununla belə seçilmiş normanı şərh etmək üçün Ali Məhkəmənin Plenum qərarından və Konstitusiya məhkəməsinin qərarlarından istifadə edilə bilər. Bu qərarlar düzgün anlaşılmayan müddəaların şərhindən ibarət olmalıdır. Çünik Ali Məhkəmə və Konistitusiya Məhkəməsi konkret iş üzrə də qərar qəbul edir. Bunlar tətbiq edilmir. Doktrinal şərhdən isə seçilmiş normanın nə leqal, nə də məhkəmə şərhi olmadığı halda istifadə edilir. Məsələn, adam oğurluğu cinayətinin anlayışının, əlamətlərinin, hüdudlarının şərhi verilməmiş. Bu zaman doktrinal şərhdən istifadə edilir.
Tövsifin üçüncü mərhələsinə seçilən hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri ilə əməlin faktiki əlamətlərinin müqayisəsi daxildir. Bu mərhələdə seçilmiş norma ilə faktiki hallar arasında tutuşdurma aparılır. Normanın məna və məzmunu araşdırılır. Cinayət hüquq normasının və şərti qəbul edilən cinayət hüquq normasının mətninin həqiqiliyi yoxlanılır. Normanın qüvvədə olması və tətbiqi dairəsi müəyyənləşdirilir.
Tövsifin dördüncü mərhələsinə seçilmiş və işin faktiki halları ilə müqayisə edilmiş normanın hüquqi aktda təsbit edilməsi daxildir.
Tövsifin iki növü var: 1. rəsmi tövsif (leqal) 2. qeyri-rəsmi tövsif (doktrinal) Doktrinal tövsif elmi əsərlərdə, monoqrafiyalarda, elmi məqalələrdə, dərsliklərdə cinayət əməlinə verilən hüquqi qiymətdir, irəli sürülən fikirdir, ideyadır. Bunun heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir halda (cinayətin tövsifinə verilən anlayışda da) qeyd olunur ki, cinayətin tövsifi hüquqi aktlarda öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Bu fəaliyyət səlahiyyətli orqanlar və şəxslər tərəfindən həyata keçirilir. Bu fəaliyyət onların fəaliyyətidir. Cinayət əməlinə hüquqi qiymət vermək onların səlahiyyətindədir. Tövsif rəsmi sənədlərdə öz əksini tapır. Başqa sözlə rəsmi sənədlərdə göstərilir. Bunları nəzərə almaqla belə fikir irəli sürmək olar ki, doktrinal tövsifin cinayət tövsifində yeri yoxdur. Burada yalnız rəsmi tövsifdən söhbət gedə bilər. Rəsmi tövsif səlahiyyətli şəxslər tərəfindən verilən tövsifdir. Bu tövsifin də iki növü fərqləndirilir: 1. Cinayət prosessual tövsif 2. Məhkəmənin ittiham hökmündə həyata keçirilən tövsif.
Qarayev T. və Şəmsizadə R. “Cinayətlərin tövsifinin nəzəri əsasları” monoqrafiyasında prosessual tövsifin aşağıdakı növləri fərqləndirilir: 1. Müstəntiq, təhqiqatçı və prokuror tərəfindən aparılan ittiham xarakterli tövsif və 2. Vəkil tərəfindən aparılan müdafiə xarakterli tövsif.
Məhkəmənin hökmü cinayət məsuliyyəti və cinayət məsuliyyətindən azad etmək üçün əsasdır. Elə bu cəhətdən də seçilmiş normanın hüquqi aktda əks olunması məsələsində məhkəmənin ittiham hökmünə istinad edirik. Qanun prokurora və ya müstəntiqə ittiham olunan şəxsi cəzalandırmaq və ya onun üzərinə cinayət məsuliyyəti qoymaq hüququnu vermir. Burada prosesual hərəkət olan həbsə alma cəzadan fərqləndirilir. Bəzi xüsusiyyətlərinə gürə cəzanın bəzi növlərindən daha ağırdır və insanların hüquqlarını daha çox məhdudlaşdırır. (Məsələn, islah işlərindən, ictimai işlərdən və s.) Bununla belə, cəza törədilmiş əmələ görə təyin edildiyi halda, həbsə alma törədilməsi güman edilən cinayətə görə tətbiq edilir.
Məhkəmədə ittiham tərəfinin və müdafiəçinin irəli sürdükləri cinayət işinin qiymətləndirilməsi işin faktiki halları ilə müqayisə edilir. Çatışmazlıqlar aradan qaldırılır. Törədilmiş əməl üçün müəyyən edilmiş həddə cəza müəyyən edilir. Bu işdə məhkəmə hakimi neytral olmalıdır. Cinayət işi ilə bağlı bütün məsələlər müqayisə edildikdən sonra qiymətləndirməni həyata keçirən şəxslərin fəaliyyəti sona yetir. Burada ittiham hökmü oxunması ilə törədilmiş əməl tövsif olunmuş hesab edilir və cinayət tövsifinin prosesi başa çatmış olur.
S.Zöhrab