UŞAQ ƏMƏYİNİN İSTİSMARI (yerli və beynəlxalq təcrübədə) – Səyyarə Alışova

Posted by

Azərbaycan Respublikasında hər bir vətənsdaşın əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əasasən əmək ictimai və fərdi rifahın əsasıdır. Əmək qabiliyyətli hər bir vətəndaş öz əmək qabiliyyətini istənilən qanunla yol verilən formada reallaşdıra bilər. Hər bir vətəndaşın sərbəst şəkildə özünə peşə yeri, iş yeri seçməklə yanaşı, həm də əmək müqaviləsi azadlığı da var. Konsitusiyamızda göstərildiyi kimi “Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Habelə hər kəsin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan məbləğdə haqq almaq hüququ vardır. Konstitusiyada təsbit olunan normalar cəmiyyətin digər üzvləri ilə yanaşı uşaqlara da aiddir. Təbii ki, söhbət bütün uşaqlardan deyil, müəyyən yaş həddinə çatmış və səhhəti işləməyə imkan verən uşaqlardan gedir.
Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Maddə də həmiçinin, uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edildiyi bildirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanan və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Mülki qanunvericiliyə əsasən şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
Əmək fəaliyyəti ilə məşğul olarkən uşağın gördüyü iş onun tam formalaşmamış orqanizminin fizioloji xüsusiyyətlərinə uyğun olmalıdır. Əmək qanunvericiliyi, yaşı 18-dən az olan şəxslərin ağır əşyaları qaldırılması və bir yerdən başqa yerə daşınmasına məhdudiyyətlər qoyur. Belə ki, 16 yaşdan 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız ümumi çəkisi aşağıdakı normalar həddində olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər.:
• kişi cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaları əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
• qadın cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
• bütün iş günü ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldırılıb başqa yerə daşınması;
• 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması .
Yaşı 16-dan az olan qızlar 16 yaşdan 18 yaşadək qızlar üçün qeyd edilən normaların üçdə bir hissəsi həddində ağır yükləri qaldıra və ya daşıya bilərlər, həm də bunun üçün yaşı 16-dan az olan qızların özlərinin razılığı tələb olunur. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və yük daşıma işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikaasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Qanunvericilik, uşaqların sağlamlığının əmək fəaliyyəti ilə məşğul olmağa imkan verib-verməməsini müəyyənləşdirməyi də nəzərdə tutur. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidir(ƏM, 252-ci maddə).
Əmək qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. 16 yaşınadək olan işçilər üçün iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək olan işçilər üçün isə 36 saatdan artıq olmamalıdır(ƏM, 91-ci maddə).
Uşaqlar qısaldılmış iş vaxtı şəraitində işləsələr də, onların əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən 18 yaşı tamam olmuş işçilər üçün müəyyən edilən tam məbləğdə ödənilməlidir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir.
Milli qanunvericiliklə yanaşı, beynəlxalq qanunvericilkdə də uşaqların əmək hüququ ilə bağlı müddəalar mövcuddur. Belə ki, BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasının 32-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. Habelə, iştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:
a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş həddlərini müəyyən edirlər;
b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər;
c) bu maddənin səmərəli həyata keçirilməsi üçün müvafiq cəza növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.
Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar məhz uşaq əməyinin istismarı və onlara qarşı təzyiqlərin qurbanları olurlar. Ekspertlərin fikrincə, uşaq əməyinin istismarı problemi dünyanın hər yerində mövcuddur. Bu ölkələr arasında Pakistan və Hindistan öndə gedirlər. Ekspertlər statistik göstəricilərin olmamasının problemin böyüklüyünü göstərməyə imkan vermədiyini deyirlər. Lakin təxminlərə görə, minlərlə uşaq zorakılıqların qurbanıdır.
Aqrar sahədə də uşaq əməyinin istismarına rast gəlinir. Bununla bağlı Beynəlxalq Əmək Təşkilatının (bundan sonra BƏT) bir dəfə keçirdiyi Beynəlxalq əmək konfransı gedişində onun yaradılmasına dair razılaşma imzalayıblar. Beynəlxalq kənd təsərrüfatı təşkilatlarının bu kimi tərəfdaşlığının yaradılmasını dəstəkləyir, çünki yalnız uşaq əməyi məsələlərini mandata və təşkilatın siyasətinə daxil edərək və birlikdə fəaliyyət göstərərək uşaq əməyini qadağan etmək uğrunda ümumdünya hərəkatını möhkəmləndirmək olar. Bütün dünyada kənd təsərrüfatı hələ də ən çox sayda uşağın işlədiyi bir sektordur (70%). Onlardan 132 milyonu 5-14 yaşlı qız və oğlanlardır. Bu uşaqlar bizim istifadə etdiyimiz qida məhsulları və içkilərin istehsalında iştirak edirlər. Onların əməyi taxıl, kakao, kofe, meyvə, şəkər, palma yağı, çəltik, çay, tütün və tərəvəz kimi bitkilərin becərilməsində istifadə edilir. Bundan əlavə, uşaqlar heyvandarlıq və maldarlıqda, pambıq və onun toxumları kimi kənd təsərrüfatı materiallarının istehsalında əmək sərf edirlər.
Aqrar sektor, xüsusilə uşaqlar üçün daha təhlükəli sahələrdən biridir. Böyüklərin məruz qaldıqları eyni təhlükələrlə üzləşən uşaqlar daha çox risk edirlər, çünki onların ağlı və bədənləri hələ inkişaf dövründədir, iş təcrübələri isə azdır. Uşaq əməyinin aradan qaldırılması üzrə BƏT Beynəlxalq proqramının (BƏT, IPEK) məlumatlarına əsasən, bəzi hallarda uşaqlar artıq 5 yaşından işləməyə başlayırlar, kənd təsərrüfatı işlərində 10 yaşına çatmamış uşaqlar işləyən uşaqların ümumi sayının 20%-ni təşkil edir.
Eyni zamanda BƏT vurğulayır ki, uşaqların yerinə yetirdiyi kənd təsərrüfatı işlərinin bütün növləri onlar üçün zərərli deyil və yaxud da BƏT Konvensiyalarının 138 və ya 182-ci müddəalarına müvafiq olaraq dayandırılmamalıdır. Uşağın yaşına uyğun olan, məktəbdəki dərslərə və istirahətə maneçilik törətməyən işlər kənddəki təbii həyat tərzini ifadə edə bilər.
Bir çox uşaqlar onların həyatı üçün təhlükə törədən, şikəstliklə nəticələnə bilən, onların sağlamlığı və ümumi rifahı üçün zərərli işləri yerinə yetirirlər. Uşaqların qarşılaşdığı təhlükə növləri çox müxtəlif olur. Onlar zəhərli pestisidlərin qarışdırılması, daşınması və parçalanması prosesləri, təhlükəli kəsici alətlərdən istifadə, çox yüksək və ya aşağı temperaturda işləmək, güclü kənd təsərrüfatı texnikası və aqreqatlar ilə iş və həmçinin də uzun müddətli iş günü ilə əlaqədar ola bilər.
Uşaq əməyi lazımi təhsil imkanını məhdudlaşdırır. Təhsilin olmaması və ya onun aşağı keyfiyyəti uşaqların daha yaxşı gələcəyə olan ümidlərini puç edir. Problem həm də onunla qəlizləşir ki, aqrar sektorda çalışan bir çox uşaqlar dünyanın ən yoxsul əhalisinin üçdə ikisinin yerləşdiyi kəndlərdə böyüyüblər.
Kənd təsərrüfatında işləyən qızlar xüsusi yük daşıyırlar. Onlar çox vaxt aqrar işçi qüvvəsinin ən böyük hissəsini təşkil edir və çox ağır vəziyyətdə olurlar, çünki əksər hallarda tarlada çalışmamışdan əvvəl və işdən qayıtdıqdan sonra həm də ev işləri ilə məşğul olurlar. Belə davamlı iş müddəti fiziki və psixoloji yorğunluğa gətirib çıxara, çalışan qızların sağlamlıq və rifahına mənfi təsir göstərə bilər.
Beynəlxalq Əmək Təşkilatının uşaq əməyi sahəsindəki vəzifəsi bütün dünyada onun hər növ formasını aradan qaldırmaqdır. Uşaq əməyinin, o cümlədən təhlükəli əmək, ticarət xarakterli cinsi istismar, insan alveri və köləliyin bütün formalarının da daxil olduğu ən pis növləri ilk növbədə dayandırılmalıdır.
Təhqiqat nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı faktı təsdiqlənib. Bununla bağlı, Azərbaycan Sahibkarlar Konfederasiyası da bölgələrdə sorğu keçirib və fakt bir daha təsdiqini tapıb. Layihə nəticəsində məlum olub ki, Azərbaycanda orta hesabla 2000 uşaq küçələrdə istismara məruz qalır.
Uşaqların əsas “ixtisasları” bunlardır: dilənçilik, cibgirlik, narkotik maddə daşıma, ən yaxşı halda avtobuslarda pul yığmaq…
Qeyd etmək lazımdır ki, küçələrdə işləyən uşaqların 98%-i rayonlardan, çadır şəhərciklərindən gələn uşaqlardır. Aeroport yaxınlığındakı ticarət mərkəzlərində işləyən hər 10 uşaqdan 8-i uğursuz nigahdan doğulduğu aşkarlanıb. Sorğulara cəlb edilmiş uşaqlardan 29-u sürücü, 1-i isə həkim olmaq istəyir. Buradan belə nəticəyə gəlmək olar ki, uşaqların təhsildən yayınması nəticəsində onlarda psixi və intelektual səviyyə aşağı enmişdir. Metro vaqonlarında əlində, yaxud yaxasından asılmış halda “Atam ölüb, anam xəstədi. Dərman almağa kömək edin” ifadələri yazılmış kağız gəzdirən balacaları hər kəs görüb. Bu uşaqlar ağızlarını açıb heç nə istəmir, danışmır, sadəcə, adamlara o kağızı göstərirlər. Hətta belə təəssürat yaranır ki, bu uşaqlar laldır. Ancaq bu, sadəcə, təəssüratdır. Və biz böyüklər onların lal olmadığını bilirik. Lakin bununla belə bir uşağın əl açıb dilənməsi, kömək istəməsi bizdə mərhəmət hissi yaratmalıdır. Bu, bəşər övladına Tanrı tərəfindən lütf edilmiş hissdir. Və o ünvanına çatmalıdır. Niyə çatmır? Bir vaqonda sinəsi kağızlı bir uşağa demək olar ki, heç kim heç nə vermir. Amma vaqona bir ahıl, yaşlı insan daxil olanda nəinki gənclər ayağa qalxır, hətta digər yaşlılarla gözləri ilə ona oturacaq yer arayır. Bu ənənənin hələ də qalması xoşbəxtlikdir. Deməli, insanlarımızın mərhəmət hissi ölməyib. Bəs bu mərhəmətin zərrəsindən niyə körpələrə pay düşmür?

Səyyarə Alışova
Uşaq Hüquqları Klinikasının hüquqşünası