UŞAQLAR GƏLƏCƏYIMIZDIR – Fərqanə Məmmədxanova

Posted by

Müasir dövrdə insan haqları anlayışı demokratik cəmiyyət quruculuğunun başlıca meyarlarından hesab olunur. İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir. Bu istiqamətdə beynəlxalq sistemin əldə etdiyi ən önəmli nailiyyət yalnız uşaqların əqli və fiziki cəhətdən yetişmədiyi səbəbindən doğulana qədər və doğulandan sonra hüquqi müdafiəsi də daxil olmaqla xüsusi qayğıya və müdafiəyə ehtiyacı olduğu faktının beynəlxalq birlik tərəfindən təsdiqi yox , həm də uşaqların hüququn müstəqil subyekti kimi tanınmaları oldu.
Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən bu prinsip öz inkişafını BMT-nin uşaq hüquqları Konvensiyasında tapdı. Konvensiya uşaq hüquqlarının müqavilə hüququ norması gücü qazanmış ilk geniş miqyaslı tanınmış beynəlxalq sənəd oldu. Konvensiya həm də ona görə beynəlxalq hüququn unikal mənbəsi hesab edilir ki, ilk dəfə olaraq hüquqların bütün spektri – vətəndaş, siyasi, sosial və iqtisadi hüquqlar bir sənəddə möhkəmləndi.
Konvensiyanın preambulasında göstərilir ki, uşaqlar zəif olduqlarına görə xüsusi qayğıya və mühavizəyə möhtacdırlar. Burada ailə tərəfindən müdafiə sahəsində əsas qayğı və məsuliyyət xüsusi nəzərə çatdırılır. Preambulada uşağın doğulmazdan əvvəl və doğulandan sonra hüquqi və digər müdafiəsi zərurəti, uşağın mənsub olduğu xalqın mədəni dəyərlərinə hörmətin vacibliyi və uşaq hüquqlarının müdafiəsi işində beynəlxalq əməkdaşlığın həyati əhəmiyyətə malik rolu da təsdiq edilir.
Konvensiyanın I maddəsinə əsasən 18 yaşına çatmamış şəxslər uşaq sayılır. Lakin milli qanunvericiliklərə uyğun olaraq yetkinlik yaşı daha erkən yaş çağına müəyyən edilə bilər.
II maddədə göstərilir ki, bütün hüquqlar istinasız olaraq uşaqların hamısına şamil edilir və dövlət uşaqları hər hansı formada ayrı-seçkilikdən qorumağa və onun hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görməyə borcludur. Konvensiyanın müddəalarına toxunarkən VI maddəni xüsusi olaraq vurğulamaq istərdim. Maddədə göstərilir ki, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur. Lakin təssüflə qeyd etmək lazımdır ki, son dövrdə çox sayda uşaq yaşamaq hüququndan məhrum edilir. Bu gün bir çox cinayətkar qruplar insanların, xüsusilə uşaqların daxili orqanlarının ticarəti ilə məşqul olur. Bu məqsədlə oğurlanan yüzlərlə uşaq məhz həmin cinayətkar qrupların qurbanına, ticarət obyektinə çevrilir və fudamental hüquqlarından olan yaşamaq hüququndan məhrum edilirlər.
Müasir dövrdə geniş vüsət almış abort da, fikrimcə cinayətin bir növü kimi başa düşülməlidir. Çünki abort nəticəsində hər il minlərlə uşaq dünyaya hələ göz açmamış yaşamaq hüququndan məhrum edilir. Halbuki, konvensiyanın preambulasında uşaqların doğulmazdan əvvəl və doğulduqdan sonrakı hüquqlarından söhbət gedir.
Konvensiyada göstərilir ki, uşaqlar öz valideynləri ilə yaşamaq hüququna malikdirlər, bir şərtlə ki, bu onların ən yaxşı mənafeyinə zidd olmasın. Rusiyada aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir çox ailələrdə valideynlərlə birgə yaşamaq uşaqlar üçün real təhlükə mənbəyidir. Səbəb isə valideynlərin birinin və ya hər ikisinin içki düşgünü olmasıdır. Belə hallarda uşaqlar uşaq evlərində yaşamağı daha üstün tutur və sərxoş valideynlərdən ən yaxşı halda bir növ “canlarını qurtarmağa” çalışırlar. Ən pis halda isə belə ailələrdə yaşayan və tərbiyə alan uşaqlar gələcəkdə cəmiyyət üçün təhlükə mənbəyi olan cinayətkarlara və ya cəmiyyət üçün “yararsız” insanlara çevrilirlər. Bu problemin qarşısını almaq, uşaqların sağlam ortamda böyüyüb – başa catması üçün dövlət bütün lazımi tədbirləri görməlidir. Konvensiyanın 20-ci maddəsi məhz bu məsələyə həsr olunub. Orada deyilir: “Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan, yaxud özünün ən yaxşı mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və ona yardım göstərilmək hüququna malikdir”.
Maddə 35-də göstərilir ki, dövlətin vəzifəsi uşaqların oğurlanması, onlarla alver edilməsi və onların qaçaqmalçılıqla məşqul olması hallarının qarşısını almaq üçün var qüvvə ilə səy göstərməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, uşaq alveri bu gün ən aktual və həlli vacib olan probləmlərdən biridir.YUNİSEF-in məlumatına görə uşaq alveri bu işlə məşqul olan cinayətkar qruplara hər il 10 mln dollarlarla gəlir əldə edirlər. Bununla bu kriminal biznes qeyri-qanuni silah və narkotik alveri ilə rəqabət aparır və onlardan sonra gəlirinə görə canlı məhsul alveri üçüncu yeri tutur. Sözügedən cinayətin qurbanı olan uşaqlar əsasən seksual istimar və əməyin qeyri-qanuni istifadəsinə məruz qalırlar. Köləliklə mübarizə üzrə Britaniya Cəmiyyəti məcburi uşaq əməyini müasir köləliyin əsas formalarından hesab edir. Beynəlxalq Əmək Bürosunun məlumatına görə 5-14 yaşlı uşaqların dörd milyonu bu gün məcburi əməyə cəlb edilir. Bunlar – uşaqlıqdan məhrum edilmiş uşaqlardır.
Bir çox hallarda ailələr özləri uşaqların istismar qurbanına çevrilmələrinə səbəb olurlar. Bu bir tərəfdən maliyyə çətinliyi ilə ilə izah edilirsə, digər tərəfdən adət-ənənədən irəli gələn məsələ kimi izah edilir. Çində, Kambocada və digər ölkələrdə kasıb ailələr öz uşaqlarını sataraq onlara ən azı müəyyən gələcək vermək və ya dünyanın başqa nöqtələrində iş tapmaq imkanı qazandırdıqlarını düşünürlər. Fikrimcə, adət- ənənələrə qarşı mübarizə aparmaq, cinayətkar qruplara qarşı mübarizədən daha çətindir. Çünki birinci halda söhbət şüurda aprılmalı olan dəyişikliklərdən gedir.
Konvensiyanın 38-ci maddəsi silahlı münaqişələrə həsr olunub. Maddədə göstərilir ki, iştirakçı dövlətlər bütün mümkün tədbirlərin görülməsini təmin etməlidirlər ki, 15 yaşına çatmamış uşaqlar hərbi əməliyyatlarda iştirak etməsinlər. Təssüf ki, uşaqların bu hüququ bir çox dövlətlərdə kobudcasına pozulur. Bu gün bir çox ölkələrdə uşaqlar müharibənin birbaşa iştirakçısına cevrilirlər. Hesblamalara görə təxminən 300 min uşaq silahlı münaqişələrdə iştirak edir.
Konvensiyada həm də uşağın baxışları (mad 12), fikir, vicdan, din azadlığı (mad.14), müvafiq informasiyadan istifadə etmək hüququ (mad 17), qaçqın uşaqlar (22), təhsil (mad 28), uşaq əməyi (mad 32) və s. Hüquqlar da öz əksini tapmışdır.

Təəssüflə qeyd etmək lazımdır ki, Konvensiyada göstərilən müddəalara, həmçinin konvensiyanın bir çox dövlətlər tərəfindən ratifikasiyası edilməsinə baxmayaraq bu gün, bu sahədə çoxsaylı ciddi problemlərin movcudluğu danılmaz faktdır. Fikrimcə mövcud problemlərin aradan qaldırılması üçün bütün dünya dövlətləri gələcəyimiz olan uşaqların firavan həyatı naminə öz səylərini daha da gücləndirməlidirlər.

Fərqanə Məmmədxanova
“Xəzər-Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin
Ekspert-analitiki