Maltanın Baş naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
Azərbaycanda səfərdə olan Maltanın Baş naziri Cosef Muskat dekabrın 16-da Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Baş nazir Cosef Muskata Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliği üzərində qurulub. Mərkəz fəaliyyət göstərdiyi müddətdə beynəlxalq əlaqələrini genişləndirərək digər ölkələrin analoji qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirib.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Maltanın Baş nazirində böyük maraq doğurub. Məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər Baş nazir Cosef Muskatın marağına səbəb olub.
Maltanın Baş naziri Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. “Mini Azərbaycan” sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Baş nazir Cosef Muskat Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
AzərTac.az