Robert Valter bölgədə yaranmış vəziyyəti araşdıracaq və məruzə hazırlayacaq
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” mövzusunda məruzə hazırlamaq üçün məruzəçi təyin etdiyi britaniyalı Robert Valter Azərbaycana və Ermənistana səfər edəcək.
Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
S. Seyidov bildirib ki, R. Valterin səfəri gələn ilin yazında gözlənilir: “O, bu barədə ötən gün Siyasi Komitənin iclasında açıqlama ilə çıxış etdi. Robert Valter əvvəlcə Ermənistana, ardınca isə Azərbaycana gələcək. O, Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər edəcək”.
Qeyd edək ki, R. Valterin münaqişə zonasında yaranmış vəziyyətə dair məruzə hazırlayaraq AŞPA Bürosuna təqdim etməsi nəzərdə tutulub. Bu məruzə əsasında AŞPA-da xüsusi qətnamənin qəbul olunacağı gözlənilir.
Apa.az