Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin ölkəmizdəki səfirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunu qəbul edib.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.
Müdafiə naziri hər iki ölkənin Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.
Trend.az