Təhsil Nazirliyi kiçikyaşlı məktəblilərlə bağlı müsabiqə keçirir
Azərbaycan Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir.
Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdır.
Müsabiqəyə əsərlər toplu şəklində hazırlanır.
Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.
Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılır və hər birinə ayrıca rəy yazılır. Müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılmış hesab olunur. Müsabiqənin mükafat fondu I yer üçün 5000, II yer üçün 3000, III yer üçün 1500 manatdır. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək açıqlanacaq.
Trend.az