Milli Məclisin deputatları Lüksemburq parlamentinin vitse-spikeri ilə görüşüb
Lüksemburqda səfərdə olan Milli Məclisin deputatları Fuad Muradov və Rövşən Rzayev bu ölkənin parlamentinin vitse-spikeri Louren Mozarla görüşüblər.
Trend-in məlumatına görə, görüş zamanı Milli Məclisin üzvləri Louren Mozarı Azərbaycanın bugünkü vəziyyəti, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilər barədə məlumatlandırıblar.
Öz növbəsində Mozar bildirib ki, Azərbaycanın uğurlarından xəbərdardır. Parlamentin vitse-spikeri Azərbaycanı Avropa üçün vacib ölkə adlandıraraq qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Bakının böyük rolu var.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mozar qeyd edib ki, aparılan sülh prosesini dəstəkləyirlər. O Milli Məclisin deputatlarından hazırda ATƏT-in Minsk qrupu tərəfindən danışıqların əsas predmeti olan “Madrid prinsipləri”i barədə ətraflı məlumat vermələrini xahiş edib. Vitse-spiker qeyd edib ki, Lüksemburqun xarici işlər nazirinə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqları haqqında əhatəli bilgi hazırlamaq üçün rəsmi sorğu göndərib.
Trend.az