Batumidə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 2-ci görüşü keçirilib
Batumidə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 2-ci görüşü keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclis üzvləri Asim Mollazadə və Rasim Musabəyov təmsil edib.
Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, TBMM-nin xarici əlaqələr komitəsinin sədri Əhmət Berat və onun başçılığı ilə nümayəndə heyətin üzvləri tədbirə qatılıblar.
Görüşdə xarici siyasət, parlamentlərarası əməkdaşlıq, iqtisadiyyat sahəsində qarşılıqlı münasibət, investisiya, mədəniyyət, həmçinin regionda təhlükəsizlik məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı münasibətlərin intensiv şəkildə inkişaf etdiyi bildirilib. Bu, özünü üç dövlət prezidentlərinin, baş nazirlərin, xarici işlər nazirlərinin və parlament sədrlərinin üçtərəfli görüşündə əks etdirib. Tədbirdə bildirilib ki, indi belə məzmunlu görüşlər parlament komitə sədrləri səviyyəsində keçirilir.
Qeyd edək ki, görüşdə Gürcüstan tərəfini iqtisadiyyat və energetika nazirliklərinin nümayəndələri, gürcü ekspertlər təmsil edib.
Tədbirin sonunda üç ölkə parlament komitələrinin nümayəndələri növbəti görüşü Ankarada keçirməyi planlaşdırıblar.
Xatırladaq ki, parlamentarası birinci görüş 2014-cü il aprelin 22-də Bakıda keçirilib.
Apa.az