Azərbaycanın yardımı ilə İordaniya Universitetində fiziki qüsurlu tələbələr üçün auditoriya yaradılır
Azərbaycanın yardımı ilə İordaniya Universitetində fiziki qüsurlu tələbələr üçün xüsusi auditoriya yaradılır.
Səfir Sabir Ağabəyov İordaniya Universitetinin rektoru İxleyf Taravnehlə görüşərək auditoriyanın yaradılması və lazımi avadanlıqla təchiz olunması üçün Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin ayırdığı vəsaitin çekini ona təqdim edib.
Rektor deyib ki, auditoriya qısa müddətdə zəruri avadanlıqla təchiz ediləcək və açılış mərasimində Azərbaycandan nümayəndə heyəti də iştirak edəcək. O, auditoriyanın qarşısında Azərbaycanla bağlı guşənin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
Görüşdən sonra auditoriyanın yerləşəcəyi humanitar fənlər fakültəsinin inzibati binasına baxış olub.
Azərbaycanın İordaniya Universitetinə bu yardımı yerli kütləvi informasiya vasitələri, o cümlədən Əl-Ray, Əl-Oruba, Əl-Ğad, Əl-Dustur qəzetləri, Axbar Urduniya internet portalı və “Petra” dövlət informasiya agentliyi tərəfindən işıqlandırılıb.
AzərTac.az