Milli Məclisdə “Uşaq hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans
Noyabrın 21-də Milli Məclisdə “Uşaq hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclis və UNICEF-in birgə təşkil etdiyi konfransda bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Konfransda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda Uşaq Hüquqları Konvensiyasına uyğun həyata keçirilən işlər, ölkəmizdə uşaq hüquqlarının qorunması məsələsinə verilən dövlət dəstəyindən danışıb. Bildirib ki, bu sahədə Azərbaycan modeli formalaşıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən proqramlar, həyata keçirilən layihələr, həmçinin qanunvericilik bazası uşaq hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayır.
UNICEF-lə ölkəmizin uğurlu əməkdaşlıq etdiyini vurğulayan Bahar Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə də sıx münasibətlər qurduğunu bildirib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze deyib ki, bu toplantının keçirilməsi Azərbaycan hökuməti və cəmiyyətinin uşaq hüquqlarının qorunmasına və Konvensiyaya verdiyi önəmi sübut edir. O, gələn il Milli Məclisdə UNICEF-in resurs mərkəzinin açılacağını diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfrans uşaq hüquqlarının qorunması ilə bağlı məsələləri müzakirə etmək baxımından mühüm rola malikdir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli konfransda uşaqların da iştirakını əlamətdar hadisə adlandırıb.
Uşaq hüquqlarının qorunması sahəsində ölkəmizin lider dövlətlərdən birinə çevrildiyini deyən Milli Məclisin insan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycan bu sahədə təcrübəsini bölüşməyə hazırdır.
Çıxış edən deputatlar Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi, həmçinin uşaq hüquqlarının qorunması məsələsində dövlətimizin gördüyü işləri yüksək qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələr reallaşdırılıb.
Konfransda çıxış edən uşaqlar onlara göstərilən qayğıdan danışıblar, gələcəkdə cəmiyyət üçün layiqli vətəndaş kimi yetişəcəklərini deyiblər.
Uşaqların hazırladıqları ədəbi-bədii hissə təqdim edildikdən sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Burada müxtəlif mövzulara aid rəsm əsərləri maraqla qarşılanıb. Daha sonra uşaqlar Milli Məclisin iclas zalları ilə tanış olublar.
AzərTac.az