Azay Quliyev Obama, Putin və Ollanda müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev BMT-nin baş katibi Pan Gi Muna, ATƏT-in baş katibi Lamberto Zannierə, Avropa Şurası Parlament Assambleyasının prezidenti Herman van Rompuya, Avropa Komissiyasının prezidenti Martin Şultsa, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Ollanda Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Azərbaycanın hava məkanını pozaraq cəbhədəki ön mövqelərimizə hücum etməsi ilə bağlı müraciət ünvanlayıb.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubda qeyd edilir ki, Azərbaycanın suveren ərazilərində 6 noyabr 2014-cü ildən 40 minlik ordu ilə təlim keçirən Ermənistan son bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirib: “Bu hərəkətlərin nəticəsi olaraq Azərbaycan Hərbi Hava Qüvvələri cavab atəşi açaraq özünümüdafiə hüququndan istifadə edib. Azərbaycan beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən, işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən razılaşdırılmamış bütün aviasiya uçuşlarını hava sərhədlərinin pozulması kimi qiymətləndirir”.
Məktubda regionda sülhün və stabilliyin qorunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılması və BMT-nin hər 4 qətnaməsinin tələblərinin icrasının vacibliyi vurğulanır.
Trend.az