Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
Azərbaycanda qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair seçmə statistik müşahidə keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.
Layihəyə görə, bu tədbirin 2016-cı ildə Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, BMT-nin Əhali Fondu ilə keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ölkədə boşanma hallarının səbəblərinin, körpə və 5 yaşa qədər uşaq ölümü hallarının qeydiyyatı vəziyyətinin öyrənilməsinə dair statistik müşahidənin keçirilməsi və nəticələrinin nəşr edilməsi nəzərdə tutulur.
Azərbaycanda beynəlxalq statistik təsnifata uyğun səbəblər üzrə ölüm vəziyyətinin öyrənilməsinə dair (ölkə və regionlar üzrə) araşdırmaların aparılması da planlaşdırılır.
Nazirlikdən bildirilib ki, ölkədə diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2,6 faiz, 2003-cü ildə 10,5 faiz, 2013-cü ildə isə 14,5 faiz olub. 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 təşkil edirdisə, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Eyni zamanda, erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün təhlükə yaradır. Ananın yaşına görə diri doğulanların ümumi sayında 20 yaşa çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların xüsusi çəkisi 1990-cı ildəki 4,7 faizdən 2003-cü ildə 10,6 faizə və 2013-cü ildə 11,1 faizə qədər artıb.
Trend.az