Azərbaycanda məhkəmə sisteminin inkişafı qanunun aliliyinin təmin olunması baxımından yüksək dəyərləndirilib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurlu məhkəmə-hüquq islahatları aparılır, bu zaman nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir. Belə ki, ədliyyə sisteminin müasirləşdirilməsinə dair Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir İKT ilə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir.
Layihənin uğurlu nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb. Bu yaxınlarda Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni daha irihəcmli layihə imzalanaraq onun implementasiyasına başlanılıb.
Noyabrın 5-də ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak layihə çərçivəsində inşa olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə xanım L.Tak dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edərək ölkəmizin hərtərəfli tərəqqisini, o cümlədən İKT sahəsindəki nailiyyətlərini təqdir edib. Qonaq ölkəmizdə məhkəmə sisteminin inkişafını qanunun aliliyinin təmin olunması, iqtisadi islahatlar prosesinə müsbət təsiri baxımından yüksək dəyərləndirib, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın böyük səmərəsini qeyd edib.
Nazir F.Məmmədov Dünya Bankının ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə reallaşdırılan layihələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik və institusional tədbirlər görülüb, yeni məhkəmələr təsis edilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.
Söhbət zamanı Dünya Bankı ilə birgə həyata keçirilən yeni layihə çərçivəsində müasir məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-nin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, vətəndaşların geniş hüquqi maarifləndirilməsi və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunub.
Qonaq, həmçinin Yasamal Rayon Məhkəməsinin binası ilə tanış olub, orada ədalət mühakiməsinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür imkanın yaradılmasından, vətəndaşların müraciət imkanlarını asanlaşdıran müasir İKT-nin tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən, habelə cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlığını vurğulayaraq, bu cür şəraitin digər dövlətlərə nümunə olduğunu bildirib.
AzərTac.az