2015-ci ilin sonuna Bakının aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək

Posted by

2015-ci ilin sonuna Bakının aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək

2015-ci ilin sonuna Bakının aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək

2015-ci ilin sonuna Bakının aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək

Son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür. Almaniyanın maliyyə dəstəyi ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatı mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq: “2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq”.

K.Həsənov qeyd edib ki, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində də komitə tərəfindən işlər görülür. Yaxın zamanda Sistemin tətbiqinə başlanılacaqdır.

Komitə sədri bildirib ki, hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır: “Tərəfimizdən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlamışıq. Hazırda Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılmışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakların kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir”.

K.Həsənov deyib ki, Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib: “Qısa zaman ərzində 9000-ə yaxın elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq”.

 

Trend.az