Prezident İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub

Posted by

Prezident İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub

Yanvarın 15-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olmuşdur.

NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevi alyansın mənzil-qərargahında qarşıladı.

Sonra rəsmi foto çəkdirildi.

Anders Foq Rasmussen dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını dedi. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu dedi, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə görə minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğuladı. NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğuladı.