Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb

Posted by

Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşdür.

Trend AzərTAc-a istinadən məlumat verir ki, görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi, Prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğuladı.

Sonra Prezident İlham Əliyev çıxış etdi. Azərbaycan dövlətinin başçısı NATO-Azərbaycan əlaqələrinin yaxşı tarixə malik olduğunu söylədi və bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini dedi. Prezident İlham Əliyev son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən söhbət açdı, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verdi.

NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdilər, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğuladılar. Daimi nümayəndələr Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə bu prosesə xüsusi töhfə verdiyini bildirdilər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırdılar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edən daimi nümayəndələr artıq bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini bildirdilər.

Bununla da Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatdı.