Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Posted by

Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Norveç və İslandiya parlamentlərinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Qaçqınlarin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də Norveç və İslandiya parlamentlərinin üzvləri – Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) təmsilçiləri ilə görüşüb.

Ə.Həsənov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. O bildirib ki, son iki əsrdə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

Baş nazirin müavini Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, münaqişə regionunda milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymayan Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi də heç bir nəticə verməyib.

Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə hökumət 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb və bu proses davam edir.

Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizdən 15 faizə endirilib. Ə.Həsənov Azərbaycanın bununla bağlı strateji hədəflərindən də danışıb.

Azərbaycanın müstəqillik dövründə dinamik inkişaf etdiyini deyən avropalı qonaqlar isə qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqlar. Münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya birliyinə daha dolğun çatdırmağın vacibliyini qeyd edən parlamentarilər bildiriblər ki, bu barədə Avropa ictimaiyyətini daha geniş məlumatlandırmağa çalışacaqlar.

Norveç və İslandiya parlamentlərinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunub, avropalı qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Norveç və İslandiya parlamentlərinin üzvləri – AŞ PA-nın təmsilçiləri Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

 

 

Trend.az