Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilir

Posted by

Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilir

Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilirBu gün Azərbaycanda “Bilik günü” qeyd edilir

Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilir.

APA-nın xəbərinə görə, bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, bütün təhsil müəssisələrində yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-dan başlayır.

Bu il ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri qızdır. 2012/2013-cü dərs ilində isə ümumtəhsil məktəblərində birinci sinif şagirdlərinin sayı 135 541 nəfər olub. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq birinci sinfə qəbul olunub.

Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilməkdədir. 2011-2013-cü illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında tikintisi və əsaslı təmiri nəzərdə tutulmayan, lakin təmir işlərinin aparılmasına ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində cari təmir işləri həyata keçirilir.

Hər il olduğu kimi, bu il də ənənəvi olaraq 4 milyondan artıq yeni dərslik çap olunub. VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Dərsliklərin respublikanın təhsil müəssisələrinə paylanması başa çatıb.

Bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas məktəblərinə 1474 nəfər müəllim işə qəbul olunub. Onlardan 1116 nəfəri qadın, 358 nəfəri kişi müəllimdir.

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq. Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi təmin ediləcək.