Azərbaycan və Macarıstan arasında aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənir

Posted by

Azərbaycan və Macarıstan arasında aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan və Macarıstan arasında aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənirAzərbaycan və Macarıstan arasında aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlığı genişləndirir. İki ölkə arasında aqrar təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Trend-in məlumatına görə, bu barədə Macarıstanın Azərbaycandakı səfirliyinin məlumatına bildirilir.
Sözügedən saziş Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstan Respublikasının Kapoşvar Universitetinin rektorunun dəvətinə əsasən Kapoşvar şəhərində keçirilən damazlıq sərgisində iştirak etmək məqsədilə Macarıstana səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Macarıstan Ticarət Evinin icraçı direktoru və digər rəsmi şəxslər daxil olublar.
Səfər çərçivəsində nazir müavini Bəhram Əliyevlə Macarıstanın kəndin inkişafı naziri Şandor Fazekaş arasında görüş, Macarıstan Ticarət Evinin təşkilatçılığı ilə biznes nümayəndələri arasında danışıqlar keçirilib.
Sərginin açılış mərasimində çıxış edın nazir müavini Bəhram Əliyev Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərin nəticəsi olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar sahədə də əməkdaşlıq üçün zəmin yaradıldığını bildirib.
Açılışdan sonra Macarıstanın kəndin inkişafı naziri Şandor Fazekaşın, Macarıstan Parlamentinin spikerinin müavini Marta Matrayın və Kaposvar şəhərinin merinin iştirakı ilə Azərbaycanın stendinə baxış keçirilib.
Məlumatda həmçinin bildirilir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasovun Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktoru tituluna layiq görülməsi haqqında diplom Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Fəxri diplom Azərbaycanla Macarıstan arasında kənd təsərrüfatı sahəsində, habelə Macarıstanın Kapoşvar Universiteti ilə Azərbaycanın aqrar sahə üzrə müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsində nazir İsmət Abasovun xidmətlərinə görə təltif edilib.