Azərbaycan və BƏƏ sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

Posted by

Azərbaycan və BƏƏ sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirAzərbaycan və BƏƏ sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və BƏƏ sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə və dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, DSX-nin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə BƏƏ Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsinin Baş Direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti mayın 23-dən 27-dək Azərbaycanda rəsmi səfərdə olub.

 

Səfər çərçivəsində qonaqları Xidmətin rəisi – Sərhəd Qoşunları Komandanı general-polkovnik Elçin Quliyev qəbul edib.

 

Görüş zamanı Azərbaycan DSX və BƏƏ Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.

 

Nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsinə, Akademiyasına və “Sərhədçi” Olimpiya İdman Mərkəzinə səfərlər edərək xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-texniki baza ilə yaxından tanış olublar.

 

Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçiriblər.

 

BƏƏ-nin nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən ölkəmizdə keçiriləcək “Bakı-2015” 1-ci Avropa Oyunları ilə əlaqədar aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış ediliblər.

 

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

Trend.az