Azərbaycan Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

Posted by

Azərbaycan Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

İyunun 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən qonaqlarla görüşdü, onlarla söhbət etdi.

Sonra Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

– Hörmətli qonaqlar.

Mən sizi salamlamaq istərdim və ölkəmizə bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sizi Azərbaycanda qəbul etməkdən həqiqətən böyük şərəf və iftixar hissi duyuruq. Əminəm ki, ölkəmizə səfərinizi uzun illər xatırlayacaqsınız. Bu gün və sabah, eləcə də gələn bir neçə gün ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri, münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları müzakirə edəcəyik.

İndi isə mən digər mövzu, mədəniyyətimiz, irsimiz və adət-ənənələrimiz haqqında bir neçə söz söyləmək istəyirəm. Ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi.

Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz.

Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa rəyi vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək.

Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməmişdir.

Mən sizə böyük uğurlar arzulayıram. Ümidvaram ki, səfərinizdən məmnun qalacaqsınız. Ümid edirəm ki, yenidən ölkəmizə səfər edəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı gələn ilin yayında ilk Avropa Oyunlarını keçirdiyimiz zaman ölkəmizə dəvət etmək və qonaqlarımız arasında görmək istəyirəm. Sizə xoş axşam arzu edirəm. Sağ olun.

 

X X X

 

Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Daha sonra ATƏT Parlament Assambleyasının sədri Ranko KRİVOKAPİÇ çıxış edərək dedi:

– Cənab Prezident Əliyev.

Hörmətli Narışkin, hörmətli Əsədov.

Mənim üçün ziyafət artıq başa çatdıqdan sonra danışmaq daha asandır. Çünki Siz çıxışınızı ziyafətdən öncə etdiniz, hamı isə naharı gözləyirdi.

Mən cənab Prezident Əliyevə təşəkkürümü bildirirəm. Tariximizdə ilk dəfə idi ki, cənab Prezident bütün günü bizimlə oldu. Bu, məni heç də təəccübləndirmir. O, özü parlament üzvü olub, üç il Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərib. Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur. Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma qurduq.

Biz vahid bir ailəyə – ATƏT-in Parlament Assambleyası ailəsinə çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm ki, biz bununla dostluğumuzu daha da gücləndirəcəyik. Nəhayət, bizim bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir. Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün müsbət məqamlara inanırıq. Bu xoş məram gec-tez hamımız üçün yaxşı nəticələr verir.

Böyük fərəh hissi ilə qeyd edirəm ki, ATƏT Parlament Assambleyası daha da güclənir, daha çevik olur, daha böyük imkanları yaranır, birliyimiz də güclənir. Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb edir. Biz ümumi dəyərlərə malikik.

Mən Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Siz bizə qeyri-adi qonaqpərvərliyinizi nümayiş etdirdiniz. Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu, həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.

 

 

AzərTac.az